BAYRAQDAR MEDİA – İstanbulda Türkiyə Cümhurbaşqanının himayəçiliyi ilə “Türkiyə Yüzilliyi” çərçivəsində “IX Türk Tibb Dünyası Qurultayı” işinə başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “qurultayda türk dövlətləri ilə yanaşı, müxtəlif qitələrdən olan rəsmi nümayəndə heyətləri və səhiyyə sahəsində tanınmış elm adamları iştirak edib. Tədbirin başlıca məqsədi müasir dövrdə səhiyyə sahəsində baş verən yeniliklər, mütərəqqi yanaşmalar, innovativ texnoloji həllərin, xüsusilə də süni intellektin tətbiqi ətrafında fikir və təcrübə mübadiləsinin aparılmasıdır. Qurultayın açılış mərasimində Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Türkiyə Cümhurbaşqanı Qurultay iştirakçılarını salamlayaraq, bu ilki tədbirin türk dövlətlərinin səhiyyə sisteminin müasir əsaslarla inkişafında geniş imkanlar yaradacağına əmin olduğunu bildirib və qurultayın işinə uğurlar arzulayıb”.
Qurultayda çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev bu il Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibəti ilə Nazirlik adından bütün türk qardaşları təbrik edib. Qurultayın əhəmiyyətindən danışan T.Musayev bildirib ki, müxtəlif ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bu platforma nəinki Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək üçün möhkəm əsaslar yaradıb.
Tədbir çərçivəsində T.Musayevə “Aziz Sancar elm, xidmət və təşviq” mükafatı təqdim olunub.
Qeyd edək ki, oktyabrın 22-də yekunlaşacaq qurultay panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələr və təqdimatlarla davam edəcək.