Press "Enter" to skip to content

AMEA Gəncə bölməsinə MEK-in nəşrləri təqdim edilib

Şəhla Tahirqızı

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, oktyabrın 17-18-də Gəncədə AMEA Gəncə bölməsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə “Gəncə tarixinin aktual problemləri” adlı Respublika elmi-praktik konfransı keçirilib. Konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızının da iştirak etdiyini xəbər vermişdik.

“Gəncə tarixinin aktual problemləri” adlı konfrans keçirilib

Gəncə səfərindən sonra Ş.Tahirqızı konfrans ilə bağlı təəssüratlarını BAYRAQDAR MEDİA ilə bölüşüb: “AMEA Gəncə bölməsinin təşkilatçılığı ilə gerçəkləşən “Gəncə tarixinin aktual problemləri” adlı Respublika elmi-praktik konfrans Qərb bölgəsinin elmi əsaslarla araşdırılmasına, Gəncənin antik dövr tarixinin, arxeologiya və etnoqrafiyasının, dövlətçilik tariximizdə əhəmiyyətinin, müasir mərhələdə inkişafının öyrənilməsi, araşdırılması və s. məsələlərinə həsr olunmuşdu. Bu mövzuya uyğun olaraq bizim kitabxanadan mən və üç əməkdaş həmin konfransa qatıldıq. Konfrans plenar iclasının gündəliyinə daxil edilmiş çıxışlarımız çox maraqla qarşılandı. Mənim Gəncə elmi ədəbi mühitində nəşr olunan jurnallarla bağlı, o jurnalların həm də Azərbaycanın oxucu kütləsinə, elmi ədəbi ictimaiyyətə çatması üçün verdiyim təkliflər iştirakçılarda maraq doğurdu. Bildiyiniz kimi, 2020-ci ildə pandemiya şəraitində MEK-də AMEA Gəncə bölməsindən gələn çoxsaylı kitab və jurnalların kolleksiyası yaradılıb. Gülnar xanım çıxışında həmin o kolleksiyanın zənginləşdirilməsi ilə bağlı təkliflər səsləndirdi, onlar isə bu təklifi çox maraqla qarşıladılar. Bundan başqa biz Gəncə bölməsinə MEK-də nəşr olunan çoxsaylı biblioqrafik göstəricilər təqdim etdik. Onlar da bizə xeyli sayda kitablar verdilər. Bizim həm də AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev ilə anlaşmamız oldu. MEK-in fondunda, həm də Gəncə kolleksiyasında Gəncədə nəşr olunan kitabların hansı yoxdursa, onlar bizi həmin nəşrlərlə təmin edəcəklər və bunu yaxın günlərdə gerçəkləşdirəcəyik”.

Şəhla Tahirqızı BAYRAQDAR MEDİA üçün danışır
Şəhla Tahirqızı BAYRAQDAR MEDİA üçün danışır

Qeyd edək ki, Şəhla Tahirqızı “Gəncədə nəşr olunan elmi jurnallar”, Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova və Xidmət şöbəsinin rəhbəri Ofeliya Yunusova “AMEA Mərkəzi Elmi Kitabxanasında Gəncə elmi-ədəbi mühitinə aid qorunan nəşrlər”, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova “XI-XII əsrlərdə Gəncə şəhərində kitab və kitabxana mədəniyyəti” adlı mövzular ilə konfransa qatılıblar.

Mission News Theme by Compete Themes.