BAYRAQDAR MEDİA – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən regional “Ürək Mərkəzləri” layihəsi davam etdirilir.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, növbəti belə mərkəz Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb: “Mərkəz 6 rayon (Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala) üzrə kardioloji xəstələrə xidmət göstərəcək. Xatırladaq ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılan ilk Mərkəz hazırda fəaliyyətini uğurla davam etdirir”.
Oktyabrın 19-da TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun iştirakı ilə Şirvan Ürək Mərkəzinin açılışı olub: “Mərkəzdə invaziv kardiologiya, invaziv aritmologiya, ürək-damar cərrahiyyəsi kimi xidmətlərin göstərilməsi nəzərdə tutulub. Belə ki, Mərkəzdə minimal invaziv və hibrid əməliyyatlar, anadangəlmə, eləcə də qazanılan ürək qüsurlarının müalicəsi, ürək ritminin pozğunluğunun invaziv yolla müalicəsi, müvəqqəti və daimi kardio stimulyatorların, implant edilə bilən defibrilyatorların implantasiyası və digər əməliyyatların həyata keçirilməsi mümkündür”.
Mərkəzdə Angioqrafiya, Ürək cərrahiyyəsi, əməliyyatdan sonra xəstələrin təqibi üçün İntensiv terapiya və reanimasiya bölmələri fəaliyyət göstərəcək: “Mərkəzdə istifadə olunacaq “Siemens Artis Zeego” angioqrafiya cihazı istər koronar, istərsə də periferik damarlarda müayinə və müalicə prosedurlarının həyata keçirilməsini təmin edəcək. Açılış mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, regionlarda ürək mərkəzlərinin yaradılmasında məqsəd ürək-damar xəstəliklərinin erkən aşkarlanmasını, o cümlədən yerli əhali üçün xidmət əlçatanlığını təmin etmək, keyfiyyətli tibbi xidmət göstərməklə qabaqcıl müalicə metodları əsasında ölüm hallarını minimallaşdırmaqdan ibarətdir. İcraçı direktor mərkəzlərin fəaliyyət göstərdiyi bölgələr üzrə kardioloji xəstələrə tam və düzgün diaqnozun təyin olunması üçün ən müasir diaqnostik avadanlıqlarla təchiz edildiyini bildirib”.
Qeyd olunub ki, Şirvan Ürək Mərkəzində Türkiyə, Rusiya və Almaniyada fəaliyyət göstərən, eləcə də ixtisasartırma kurslarında iştirak edən uzman kardioloq və ürək-damar cərrahları xidmət göstərəcəklər. Uzun müddət Almaniyada çalışan invaziv kardioloq Nicat İbrahimov da TƏBİB-in dəvətilə Şirvan Ürək Mərkəzində fəaliyyətə başlayıb. Hesab edirəm ki, kardiologiya mərkəzləri fəaliyyət göstərdiyi bölgələrin yerli kadrlarının bilik və bacarıqlarının artırılmasında, yüksək səviyyəli mütəxəssislərin yetişməsində də mühüm rol oynayacaq.