Press "Enter" to skip to content

Özbəkistanda “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı”

Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli (azərbaycan, özbək, türk, ingilis və rus) ensiklopedik nəşr çapdan çıxıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə deyilir ki, “ensiklopedik-məlumat kitabının hazırlanmasında əsas məqsəd və qayə Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında məlumatları müfəssəl şəkildə bir mənbədə toplamaq istəyi və zərurətidir. Nəşrdə təkcə Şuşanın keçmişi, işğaldan əvvəlki dövrü ilə bağlı deyil, onun azad olunmasından sonrakı dövrünə aid məlumatlar da yer almaqdadır. Daşkənddəki “Niso Poligraf” nəşriyyatında çap olunmuş nəşrdə Şuşa haqqında ən vacib faktlar və məlumatlar əksini tapıb. Nəşrdə Şuşanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbi mühiti, elm, təhsil, nəşriyyat, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimai siyasi həyatı, iqtisadiyyatı, tarixi, dini abidələri, tikililəri, təbiəti, turizm məkanları, azad Şuşada aparılan quruculuq işlərinə dair məlumatlar, fotoşəkillər yer alıb. Həmçinin nəşrdə Şuşada keçirilən beynəlxalq tədbirlər, Özbəkistanda və Türkiyədə Türk dünyasının mədəniyyət paytaxtı ilə bağlı reallaşdırılan layihələr əksini tapıb”.

Kitabda qeyd olunur ki, Şuşa ili və Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistandakı AMM bir sıra layihələr həyata keçirib. İlk dəfə olaraq XIX əsrdə Şuşada fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” poeziya məclisi iki ölkənin gənc şairləri arasında yenidən bərpa edilib, Şuşa şəhər kitabxanası ilə Özbəkistanın Turon kitabxanası arasında “qardaş kitabxanalar” haqqında müqavilə imzalanıb, Turon kitabxanasında «Şuşa guşəsi» yaradılıb, Termiz Dövlət Universitetində “Xurşidbanu Natəvan adına Azərbaycan Ocağı” fəaliyyətə başlayıb, Azərbaycanın Şuşa və Özbəkistanın Xivə şəhərlərinin qardaşlaşması layihəsi hər iki şəhər rəhbərinin imzası ilə reallaşdırılıb, Özbəkistan səhnəsində müsəlman Şərqində ilk operanın müəllifi, dünya şöhrətli şuşalı bəstəkar Üzeyir Hacıbəyovun əsərlərindən ibarət konsertlər təşkil edilib, Azərbaycan şairəsi, Qarabağ xanının qızı, Şuşada yaşayıb yaratmış Xurşidbanu Natəvanın şeirlərinin özbək dilinə tərcüməsi və nəşri reallaşdırılıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə “Özbəkistanda Şuşa günləri” adlı silsilə tədbirlər keçirib.

AMM-nin Şuşa ilə bağlı növbəti layihəsi olan “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik-məlumat kitabının azərbaycan, özbək, türk dillərində, habelə ingilis və rus dillərində nəşri Azərbaycan mədəniyyətinin məbədgahı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın tarixi, mədəniyyəti, turizmi, onun bəşər mədəniyyətinə verdiyi töhfələri nəinki Türk dövlətlərinə, dünyaya çatdırmağa xidmət edir.

Bildirək ki, ensiklopedik nəşrin Özbəkistanda geniş təqdimat mərasimləri planlaşdırılır.

AMM-nin layihəsi ilə yaxın günlərdə Özbəkistanın Xarəzm vilayətində keçiriləcək Dostluq günləri tədbirləri çərçivəsində həmin nəşrin təqdim edilməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.