Press "Enter" to skip to content

MEK-dən türk dünyasının ortaq kitabxanası təklifinə dəstək

Ankara görüşləri

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, Prof. Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva Türkiyənin paytaxtı Ankaraya səfər çərçivəsində MEK-in Türkiyə kitabxanaları ilə yeni əməkdaşlıqların qurulması və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “MEK təmsilçiləri ilk növbədə 62 mindən çox kitab, dövri nəşr kolleksiyası, 55 minə yaxın fəal üzvü ilə Türkiyənin ən böyük və ilk kütləvi kitabxanalarından olan Adnan Ötüken Xalq Kitabxanasında olublar. Görüş zamanı kitabxananın rəhbər müavinləri Orun Turan, Özlem Çelikbaş, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslər Merve Gedik, Sümeyra Uçar qurumun fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları barədə azərbaycanlı qonaqlara məlumat verib. M.Əliyev də öz növbəsində ankaralı həmkarlarını rəhbəri olduğu kitabxana barədə ətraflı məlumatlandırıb”.

Sonra xəbərdə, “səfər çərçivəsində təmsilçilər Türkiyə Cümhurbaşqanlığı yanında Dövlət Arxivləri İdarəsi ilə tanış olublar. Şöbə müdiri Alparslan Başar nümayəndə heyətinə arxivin əsas fəaliyyət istiqamətləri, o cümlədən sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, arxivdə qorunub saxlanılan sənədlər təkcə Türkiyə tarixinə deyil, eləcə də Osmanlı dövlətinin idarəsindən ayrılmış 40-dan artıq müstəqil dövlətin tarixinə məxsusdur. MEK-in baş direktoru arxiv materialları içərisində Azərbaycana aid sənədlərlə tanış olub” deyə qeyd edilib.

Türk Dünyası Kitabxanaçılar Fondunun rəhbər heyəti ilə keçirilən görüşdə isə MEK nümayəndələri qurumla yaxından tanış olublar. MEK nümayəndə heyətinə üzərində türk bayrağı əks olunmuş plakat və müxtəlif nəşrlər təqdim edilib. Qeyd olunub ki, fondun yaradılmasında əsas məqsəd Türkiyə və türk dünyası ilə dost və qardaş coğrafiyalarda kitabxanaçılıq, arxiv, sənədləşmə, məlumatların idarə olunması işlərinin təşkili, eləcə də təhsil, mədəniyyət, sənətşünaslıq və digər sahələrdə ortaq kataloqun yaradılmasıdır. M.Əliyev türk dünyası ölkələrinin hazırda daha ciddi şəkildə koordinasiyalaşdığı bir vaxtda kitabxana istiqamətində də bu işə töhfə verilməsinin önəmli addım olduğunu diqqətə çatdırıb və onları rəhbəri olduğu kitabxanaya dəvət edib.

Qeyd edək ki, türk dünyası coğrafiyasının ortaq kitabxanasının yaradılma təklifinə ilk dəstək MEK tərəfindən verilib. Bu təşəbbüs Azərbaycan kitabxana sektorunda reallaşacaq olan ilk addımdır.

Keçirilən görüşlər zamanı gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.