Press "Enter" to skip to content

“İnnoMEDİA” layihəsinin açılış mərasimi olub

Açılış

BAYRAQDAR MEDİA – Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən və davamlı xarakter daşıyan “İnnoMEDİA” layihəsinin növbəti mövsümünün açılış mərasimi keçirilib.

Bu haqda sözügedən Agentliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “iki moduldan ibarət layihənin birinci modulu “Jurnalistikada konvergensiyası” mövzusunu əhatə edib. Açılış mərasimində çıxış edən MEDİA-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli müasir cəmiyyətin hər bir sahəsinə nüfuz edən texnoloji tərəqqinin media sənayesinə də ciddi təsir göstərdiyini, müvafiq sahədə köklü dəyişikliklərə səbəb olduğunu, yeni media məhsulları və xidmətləri yaratdığını, bir sözlə, virtual və mürəkkəb media mühiti üçün yeni imkanlar təqdim etdiyini bildirərək yeni reallıq şəraitində layihənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb”.

Layihə çərçivəsində ADA Universitetinin Kommunikasiya və Rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva tərəfindən “Müasir mediada gündəmin qurulması” mövzusunda təlim keçilib. Təlimdə iştirakçılara müasir media mühiti, “Gündəmin qurulması nəzəriyyəsi”, dezinformasiya və sosial şəbəkələrin müxtəlif istiqamətlərdə təsirləri, media savadlılığı meyarları haqqında ətraflı məlumat verilib, interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində əsas məqsəd jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.

Layihənin beş gün müddətində, ümumilikdə açıq qeydiyyat vasitəsilə müraciət edən və seçilən 50 nəfərin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.