Son yeniləmə: 18 Oktyabr 2023 09:41
BAYRAQDAR MEDİA -“Təəssüflər olsun ki, bu gün biz Güney Azərbaycan məsələsində Batıdan bir ögeylik hiss edirik. Başqa vaxtı insan haqlarından, milli azadlıqlardan, ana dilində təhsil almaq hüququndan ağız dolusu danışan Batının siyasətçiləri bizə gələndə nədənsə sükuta dalırlar”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycanın Ərdəbil şəhərindən olan milli fəal, hazırda Türkiyədə yaşayan hüquqşünas Musa Bərzin deyib.
Onun sözlərinə görə, eyni sözü özlərini insan haqları müdafiəçiləri kimi qələmə verən Batının əksər beynəlxalq təşkilatları haqqında da demək olar: “Təəssüflər olsun ki, onlar bu susqunluqları ilə İranın fars-molla rejiminin Güney Azərbaycanlılara qarşı həyata keçirdiyi təcrid siyasətini bir növ dəstəkləmiş olurlar. Bu da həm onların, həm də ümumilikdə Batı dünyasının ikili standartları bir həyat tərzinə çevirdiyini bir daha təsdiqləyir”.
M.Bərzin bildirib ki, belə olan təqdirdə ümid yenə özümüzə qalir: “Biz, xaricdəki Güney Azərbaycanlılar istər fərd olaraq, istər təşkilat olaraq daha fəal olmalı, daha mütəşəkkil addımlar atmalıyıq. Digər tərəfdən hesab edirəm ki, Batının Güney Azərbaycan məsələsinə, daha dəqiq desək bizim adi insan hüquqlarımızın pozulmasına bu soyuqlu yanaşmasına qarşı birlikdə hərəkətə keçməliyik. Yəni Quzey Azərbaycanın qeyri-hökumət təşkilatları, insan haqları fəalları bizə dəstək olmalıdırlar. Özü də bu zaman İranın fars-molla rejimi Azərbaycanın ünvanına hansısa iddia, incik bəyanat səsləndirə bilməz. Çünki burada hansısa siyasətdən, hansısa ərazi məsələsindən söhbət getmir. Adi insan haqlarından gedir. İnsan haqları məsələsi isə qlobal məsələdir və hər hansı dövlətin sərhədləri daxilində olan məsələ kimi qəbul edilə bilməz. Qısası, İran rejimi bizim insan haqlarımızı təmin etməlidir. Bunun üçün isə dünya birliyi hərəkətə keçməlidir. Düşünürəm ki, o hərəkətlənməyə də Quzey Azərbaycanın və Türkiyənin QHT-ləri önə çıxmaqla təkan verə bilərlər”.