Press "Enter" to skip to content

Diaspor fəalları Diaspor Komitəsindən narazıdır

Diasporla İş üzrə Dövlət Komitəsi

BAYRAQDAR MEDİA – Azərbaycan diasporunun bir qrup fəal üzvü Prezident İlham Əliyevə müraciət qəbul edib. Müraciətin məğzi Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılığa köklənib.

Biz redaksiya olaraq ümid və arzu etmək istərdik ki, Prezidentə ünvanlanan müraciətdə əksini tapan hallar mövcud olmasın. Amma müxtəlif ölkələrdəki diaspor fəalları belə bir həyəcan təbili çalırsa, deməli nəsə yerində deyil. Əlbəttə, bu müraciətə DİDK-in verəcəyi cavab da ictimaiyyət üçün maraqlı olardı. O baxımdan həmin cavabı həvəslə dərc etməyə hazır olduğumuzu da burada qeyd edirik.

İndi isə sözügedən müraciətin tam mətnini dəyərli oxucularımıza təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri! Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan!

Sizin yürütdüyünüz uğurlu xarici siyasət və müdrik rəhbərliyiniz ilə Azərbaycan Ordusunun tarixi Qarabağımızın işğaldan azad edilməsini dünyanın fərqli coğrafiyalarında yaşayan soydaşlarımız böyük sevinc və qürur hissləri ilə qarşılamışdır. Sizi və Sizin simanızda Azərbaycan xalqını böyük əlamətdar tarixi qələbə münasibətilə və Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ildönümü münasibətilə xaricdə yaşayan bütün soydaşlarımız adından səmimi qəlbdən təbrik edirik.

Cənab Prezident! Biz dünyanın müxtəlif ölkələrində yaşayan, Azərbaycan dövlətini və dövlətçiliyini sadiq dəstəkləyən, milli ruhlu Azərbaycan diaspor və lobbiçilik fəaliyyəti ilə məşğul olan təşkilatlar – Sizə ümumi məktub qələmə alaraq, AR Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) və onun rəhbərliyi tərəfindən üzləşdiyimiz ciddi maneələr haqqında məlumatı yüksək diqqətinizə ərz etmək istəyirik.

Dünya Azərbaycanlılarını müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirən Azərbaycançılıq ideyasının müəllifi, Azərbaycan diasporunun qurucusu, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Milli Bayramları sırasına yeni bir tarix əlavə etdi: 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Məhz Ümummilli Liderin bu təşəbbüsü ilə Dünya Azərbaycanlıları birləşdi və bununla da Diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu gün ürək ağrısı ilə izləyirik ki, AR Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Fuad Muradov və onun komandası, dünyada illərdir yaradılan təşkilatlar və fəal soydaşlarımız arasında ayrı-seçkilik edərək, “Yalnız bizim təyin etdiyimiz şəxslər məsul olacaq” prinsipi ilə Azərbaycanlılar arasında nifaq salır və həmrəyliyimizi parçalayır.

Vətəndən kənarda doğulub boya-başa çatan övladlarımıza və gənclərimizə bacardığımız qədər, imkanlarımız daxilində Vətən sevgisi, ana dili və Azərbaycançılıq ideologiyasını aşılamağa müəyyən qədər nail ola bilmişik. Öz sahəsində uğurlara nail olan, ali təhsilli, perspektivli, strateji düşüncəli və xaricdə dünyaya gəlmiş bu innovativ yeni nəsil Azərbaycanlılar küsdürülmüş və onlar assimilyasiyaya uğramaqdadırlar.

DİDK-in hər il təşkil etdiyi yay düşərgələrinə dəvət olunan gənclərin əksəriyyəti isə xaricdə təhsil almağa getmiş Azərbaycan vətəndaşları və özlərinin şəxsi tanışlarının övladlarıdır.

Möhtərəm Prezident!

Siz 2022-ci ilin 22 aprel tarixində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında öz çıxış nitqinizdə – “Ana dilimiz bizim toxunulmaz sərvətimizdir” sözlərini xüsusilə vurğuladınız və xaricdə doğulmuş yeni nəsil Azərbaycanlılara Azərbaycançılıq ideologiyasının aşılanmasını tövsiyə etdiniz. Sizin istiqamət tövsiyənizi əsas tutaraq, DİDK-nin xaricdə “kağız üzərində” yaratdığı “əksəriyyət Azərbaycan dili həftəsonu məktəbləri” və “Azərbaycan ev”lərinin fəaliyyətində tam imkanlardan istifadə edilmir. Azərbaycan dövlət büdcəsindən bu istiqamətə ayrılmış vəsait icma ilə razılaşdırılmadan və səmərəsiz şəkildə istifadə edilməkdədir, və ya bəzi ölkələrdə Dövlət Büdcəsi ilə açılan “Azərbaycan ev”lərinin qapıları bağlı qalmaqdadır.

Avropa mediası ilə əlaqələrin yaradılması, mövcud əlaqələrdən istifadə edərək birgə əməkdaşlıq edib Azərbaycan həqiqətlərinin yayılması istiqamətində heç bir iş görülmür. Fəal diaspor nümayəndələri və təşkilatları olaraq bu sahədə dəfələrlə təkliflər etməyimizə baxmayaraq, bizə bu işdə DİDK heç bir dəstək vermir. Azərbaycan büdcəsindən diaspor fəaliyyəti üçün ayrılan vəsait nəticəsi olmayan mənasız işlərə (əyləncələrə) xərclənir. Avropa mediasında resurslarımız və əlaqələrimiz olmasına baxmayaraq informasiya savaşında məğlub olmağımızın əsas səbəblərdən biri də budur.

İllərdir diaspor və lobbiçilik fəaliyyəti istiqamətində gördüyümüz işlərin qarşısı alınır, təqdim etdiyimiz layihələr qiymətləndirilmir və rədd edilir.

Azərbaycan mediasına, gördüyümüz işlər haqqında təqdim etdiyimiz məlumatlar DİDK-in təzyiqi ilə işıqlandırılmır. Bəzi dərc olunan məqalələr isə DİDK tərəfindən jurnalistlərə zəng edərək, bizimlə əlaqələrini kəsməyi və dərc olunmuş məqalələri silməyi tələb edirlər.

Bütün bu təzyiqlərə, çətinliklərə baxmayaraq, bizim Vətənə olan sevgimiz, Sizə olan sədaqətimiz heç bir zaman dəyişməyəcək və Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasını davam etdirəcəyik!

DİDK tərəfindən yaradılan Koordinasiya Şuraları, yerli şərtlərə və qanunlara uyğun olmayan, ancaq DİDK tərəfindən təyin olunan üzvlərdən və əlaqələndiricilərindən ibarət olaraq şəxsi mənafelərə xidmət edirlər.

Dünyada güclü şəbəkələşmiş erməni diasporunun yalanlarına qarşı dirəniş göstərərək əsl Azərbaycan həqiqətlərini göstərməyə çalışdığımız halda, Azərbaycan Dövlətinə heç bir faydası olmayan və müsbət nəticə verməyən fəaliyyətlərə qarşı fikrini bildirən və komitənin ədalətsiz davranışlarına qarşı etiraz edən hər kəs “Komitənin Qara Siyahısına” əlavə olunur. DİDK-in məsul əməkdaşları tərəfindən məmur zorakılığına məruz qalırlar. Bizim şərəf və ləyaqətimizi sosial media şəbəkələrində saxta profillər açaraq (trol) şər və böhtanlarla etibarsızlaşdırmağa çalışırlar. Bizim sosial media hesablarımız kiber hücumlarına məruz qalmaqdadır.

Yaşadığımız ölkələrdə adı gedən qurum qeyri-peşəkar işləri, strategiyasız addımları ilə Azərbaycan dövlətinə və onun xarici siyasətinin gördüyü səriştəli işlərə ziyan vurmaqda davam etməkdədir. Yüksək diqqətinizə çatdırmaq istərdik ki, DİDK son illərdə dünyada və xüsusilə Avropada vahid Azərbaycan lobbi şəbəkəsinin qurulmasında əsla maraqlı olmayıb. Əksinə olaraq bu işlərin ərsəyə gəlməsinə əngəllər yaradılmışdır. Böyük üzüntü ilə qeyd etməliyik ki, hazırda dünyada vahid çətir altında rəsmi qeydiyyatdan keçmiş Azərbaycan lobbi qrupları və ya təşkilatı hələ də mövcud deyil.

DİDK-nin rəhbərliyinin bu şəkildə fəaliyyət göstərməsini Azərbaycan dövlətçiliyinə qarşı xəyanət kimi dəyərləndiririk. Ürək ağrısı ilə müşahidə edirik ki, DİDK-nin hazırkı fəaliyyəti Cənab Prezidentin göstərdiyi istiqamət xəttindən çox yayınmaqdadır. Bu isə Azərbaycanla xaricdə yaşayan və yetişməkdə olan yeni nəsil diasporu arasında dərin uçuruma səbəb olur.

Zati-aliləri, cənab Prezident!

Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan diasporunun acınacaqlı və həmrəylikdən parçalanmağa doğru gedən vəziyyətinin səbəblərini böyük üzüntü ilə ali diqqətinizə təqdim etməyə məcbur olduq.

Ali Baş Komandan, Sizdən son dərəcədə xahiş edirik ki, qeyd etdiyimiz problemlərin araşdırılması, diaspordakı ayrıseçkiliyə son verilməsi istiqamətində müvafiq göstərişlər verəsiniz.

Möhtərəm Prezident, biz Sizin uğurlu xarici siyasətinizi KİV-dən sevə-sevə izləyir və Sizinlə qürur duyuruq. Sizə və ailənizə Uca Allahdan uzun ömür və cansağlığı diləyir, Dövlətimizə və xalqımıza sülh və əmin-amanlıq arzulayırıq.
Sizə olan dərin hörmət və ehtiramlarımızı qəbul etməyinizi xahiş edirik.

İmzalayanlar:

Norveç Krallığı:

CAN diaspor Təşkilatının sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Şervin Nəcəfpur
CAN diaspor Təşkilatı İdarə Heyətinin üzvü Atabəy Nəcəfpur
Bizim Səs Təşkilatının sədri Hüseyn Məmmədov

Niderland Krallığı:

Birlikdə Güclüyük Fondunun həmsədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı İlkana Goja van den Berg
Birlikdə Güclüyük Fondunun həmsədri, Beynəlxalq kvalifikasiyalı maliyyə və idarəetmə üzrə mütəxəssis Robert van den Berg

Rusiya Federasiyası:

Samara Azərbaycanlılarının Assambleyasının sədri Rəsulov Elmar Ədhəm oğlu
Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev

Fransa:

Ulduz Assosiasiyanın rəhbəri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı
Aytən Muradova

İspaniya Krallığı:

Asociación Azerbaiyanos en Españe’ın sədri Vahid İmanov Xalilov

İsrail Dövləti:

Azad Təşkilatının sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Şakir Əhmədov

İsveç Krallığı:

Vahid Azərbaycan Birliyinin sədri, teatrşünas Aye Çoşqun
“Tumurcuq” Azərbaycan İsveç Dram Teatrının rəhbəri, rejissor Sevinc Nəzərli

Türkiyə Cümhuriyyəti:

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının qurucusu və fəxri sədri, Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi İdarə Heyətinin sədri Bilal Dündar
Azərbaycan Xalqlar Dostluğu Cəmiyyətinin sədri Lalə Həsənova

Belçika Krallığı:

Belçika Azərbaycanlıları Birliyi adına fəal diasporçu, Cəbrayıldan məcburi köçkün, şəhid qardaşı Ədalət Quliyev
Belçika Azərbaycan Evinin rəhbəri, Türkiyə-Azərbaycan Diasporları Platformu diaspora.com.tr internet portalının təsisçisi və baş redaktoru Bülent Gürcam

Kuzey Kıbrıs Türk Cümhuriyyəti:

KADM I Kıbrıs Azərbaycan Diaspor Mərkəzinin həmtəsisçisi və baş katibi Toğrul Abbasov

Azərbaycan Respublikası:

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli

Amerika Birləşmiş Ştatları:

Amerikada fəal diaspor üzvü, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Mehriban Nəsibova

İtaliya:

İtaliyada ali təhsil almış Həsənova Ülviyyə Oleq qızı

İndoneziya:

İndoneziyada fəal diaspor üzvü Hafiz Cəfərli

İordaniya Haşimilər Krallığı:

İordaniyada fəal diaspor üzvü Kəmalə Süleymanova
İordaniyada fəal diaspor üzvü Namazova Sabina Sergey qızı

Mission News Theme by Compete Themes.