BAYRAQDAR MEDİA – 2023–2024-cü tədris ilində ölkə üzrə 40 ümumi təhsil müəssisəsində sağlamlıq imkanları məhdud 245 uşaq inklüziv siniflərdə təhsilə cəlb olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “sağlamlıq imkanları məhdud uşaqların inklüziv siniflərdə təhsilə cəlb olunması və onların cəmiyyətə inteqrasiyası üçün ETN tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də 2021–2022-ci tədris ilindən Təhsil İnstitutunun Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı silsilə layihədir. Layihənin məqsədi Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir. Sözügedən layihə hazırda 13 region üzrə 38 məktəbdə tətbiq olunur. Cari tədris ilində 55 əlilliyi olan uşaq həmin məktəblərdə inklüziv təhsilə cəlb edilib. Gələcəkdə də inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır”.
Daha sonra xəbərdə, “layihə çərçivəsində inklüziv siniflərdə fəaliyyət göstərən pedaqoji heyət ilə onlara inklüziv tədris-təlim prosesinin təşkilində dəstək olmaq üçün “İnklüziv sinifdə təlimin təşkili” adlı ixtisasartırma təlimləri təşkil edilib. Təlimlərdə inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, inklüzivliyin əsasları, əlilliyə tibbi və sosial yanaşma, uşaqyönümlü pedaqogika, Universal Öyrənmə Dizaynı, inklüziv pedaqoji fəaliyyətin təşkili kimi mövzular müzakirə olunub, səmərəli inklüziv təhsil üçün məktəb icması, müəllim, valideyn və şagirdlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan başqa, məktəb heyəti və müvafiq siniflərin şagird və valideynlərində inklüziya mədəniyyətini formalaşdırmaq məqsədilə ayrı-ayrılıqda görüşlər keçirilib. Əlavə olaraq, məktəblərə mentorluq və Fərdi Təlim Planları (FTP) üzrə dəstək göstərilib”.
Qeyd edək ki, şagirdlərin inklüziv siniflərə seçimi müvafiq qanunvericilikdə (İnklüziv təhsilin təşkili Qaydası) qeyd olunmuş kriteriyalar əsasında psixoloji-tibbi-pedaqoji komissiyalar (PTPK) tərəfindən həyata keçirilir. Bu fəaliyyətlərində komissiya üzvlərinə dəstək olmaq üçün inklüziv təhsil və inklüzivlik, şagirdlərin müəyyənləşdirilməsi meyarları, müvafiq qanunvericilik, PTPK-nın inklüziv təhsildə rolu kimi mövzuları əhatə edən görüş və təlimlər təşkil olunub.