BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, Prof. Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva qardaş Türkiyənin paytaxtı Ankara şəhərində İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə keçirilən “VI Beynəlxalq Ankara Multidisiplinar Elmi Araşdırmalar Konfransı”nda iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Rusiya və digər ölkələrdən olan tədqiqatçılar, elm xadimlərinin bir araya gəldiyi konfransda M.Əliyev də geniş məruzə ilə çıxış edib. “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Heydər Əliyev irsi” adlı məruzəsində kitabxananın baş direktoru Azərbaycanın müstəqil dövlət quruculuğunun məhz Heydər Əliyevin imzası ilə bağlı olduğunu, XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın bütövlükdə varlığının Ulu Öndərin səyləri nəticəsində yeni impuls qazanaraq inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb, hazırda həmin siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini nəzərə çatdırıb. Professor həmçinin rəhbəri olduğu kitabxanada “Heydər Əliyev İli” çərçivəsində mühüm işlər görüldüyünü, cari ilin noyabr ayında bu münasibətlə beynəlxalq konfransın keçiriləcəyini də diqqətə çatdırıb”.
Sonra xəbərdə, “Beynəlxalq konfransda Z.Qarayevanın “Zəngəzur dəhlizinin region üçün siyasi və iqtisadi əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Zəngəzur dəhlizinin açılma perspektivləri, onun Azərbaycana, türk coğrafiyasına və bütövlükdə qlobal məkana qazandıracağı dividientlərə toxunub, bütün bu uğurlara 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əsas olduğunu, Azərbaycanın bu və digər layihələrdə etibarlı tərəfdaş və təşəbbüskar tərəf kimi rolunun artdığını vurğulayıb” deyə bildirilir.
Qeyd edək ki, konfrans zamanı MEK nümayəndə heyəti tərəfindən Ümummilli lider Heydər Əliyevə həsr olunmuş nəşrlər sərgilənərək İKSAD-a hədiyyə edilib.
Sonda MEK təmsilçiləri təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Səfər zamanı MEK təmsilçiləri digər xarici kitabxanalarla yeni əməkdaşlıqların qurulmasına da zəmin yaradıblar.