BAYRAQDAR MEDİA – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 78 xəstəxananın laboratoriyaları tamamilə yenilənib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 17-də TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, “tibb müəssisələrindəki laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib, Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb. Laboratoriyaların fəaliyyəti preanalitik, analitik və postanalitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji, ELISA və digər sistemləri ilə təchiz olunub”.
Məlumata əsasən, laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib: “Qeyd edilib ki, ambulator və stasionar pasiyentlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 800-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilərlər. Eyni zamanda, pasiyentlər analiz nəticələri ilə bağlı onlayn şəkildə məlumatlana bilər”.