BAYRAQDAR MEDİA – İsmayıllı Rayon İcra Hakimiyyəti və DaMir House of Imagination məkanının təşkilati dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın tanınmış və gənc rəssamlarının əsərlərindən ibarət “İncə müşahidələr” səyyar qrup sərgisini İsmayıllı ictimaiyyətinə təqdim edir.
Bu haqda YARAT-ın yaydığı xəbərdə qeyd olunur.
Xəbərdə deyilir ki, “sərgi öz ilham mənbəyini gündəlik həyatın poetikasından götürüb. Əsas ideya rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Hədsiz informasiya “dumanının” içində yoldan azmaq və vacib məsələlərin izini itirmək mümkündür. Sərgi, periferik ola bilən, lakin diqqət yetirilməsi bəlkə də mühüm sayılan və ilk baxışdan bəsit görünən anları vurğulayır. Sadə bir günü dəyərləndirmək üçün ətrafı və hadisələri incəliklə müşahidə etmək kifayətdir. Rəssamlar adətən nəzərdən qaçan və diqqət edilməyən mövzuları qabardan hesab olunurlar. Bu mövzular zaman və məkan anlayışları, yaddaş və şəxsiyyət, sadə insan duyğuları və onun hekayələri, mədəniyyət və xalq dəyərləri ola bilər. Gündəliyin müvəqqətiliyi kontekstində, sərgi müşahidə, refleksiya etmək və yaxşılığa doğru dəyişmək üçün humanist yanaşmanı təklif edir. Sərgi, həmçinin universal mövzular ətrafında düşüncələri də əks edir”.
Bildirək ki, ənənəvi olaraq, sərgi əsasında YARAT heyəti və rəssamlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Proqram çərçivəsində müasir incəsənət sahəsinə dair mühazirələr və ustad dərslərində iştirak etmək mümkün olacaq.
Qeyd edək ki, sərgi 23-27 oktyabr (saat 11:00-19:00) tarixlərini əhatə edəcək.