Səhiyyə Nazirliyinin eksperti, otorinolarinqoloq Vəfa Pənahian: “Qulağın anatomik quruluşuna görə infeksiyaların yaranma səbəbləri və yayılma yolları müxtəlifdir”
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin eksperti, otorinolarinqoloq Vəfa Pənahian qulaq infeksiyasının yaranma səbəbləri, burun tənəffüsü, burun qanaxması və s. haqda danışıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “V.Pənahian vurğulayıb ki, qulaqda infeksiya 5 yolla yayıla bilər: xarici qulaq keçəcəyindən (transmeatal yol), burun-udlaqdan eşitmə borusu vasitəsilə (rino-tubar yol), qanda olan infeksiya vasitəsi ilə (hematogen yol), limfada dövr edən infeksiya vasitəsi ilə (limfogen yol), travmatik yolla. Qulağın açıq və qapalı zədələnməsi və kəllə-beyin travmaları zamanı infeksiya qulağa yayıla bilər”.
Ekspert bildirib ki, anatomik olaraq burun 3 hissədən ibarətdir: “xarici burun, burun boşluğu və burunun əlavə cibləri (burunətrafı ciblər və ya sinuslar). Burun və burunun əlavə cibləri yuxarı tənəffüs yollarının başlanğıcında yerləşir. Filogenetik olaraq burunun 3 funksiyası var: tənəffüs, qoxu və qoruyucu. Hava axını burun boşluğuna daxil olaraq üç istiqamətə bölünür: yuxarı, orta və aşağı. Təzyiq ilə burun boşluğuna daxil olan hava anatomik xüsusiyyətlərə uyğun olaraq burun boşluğunda gecikir. Buruna daxil olan hava isidilərək nəmləndirilir. Beləliklə, tərkibi tənzimlənən hava burundan udlağa, daha sonra isə qırtlağa, traxeya, bronxlara və ağciyərlərə istiqamətlənir. Burun tənəffüsünün çətinləşməsi burunətrafı ciblərin iltihabı xəstəliklərinə (sinusiltlər), burun balıqqulaqlarının xəstəliklərinə (rinitlər), burun polipozuna; udlaq xəstəliklərinə (faringitlər), damaq badamcıqlarının xəstəliklərinə (tonzillit); qırtlaq, traxeya və bronxların xəstəliklərinə (larinqo-traxeo-bronxit), eşitmə borusunun xəstəliyinə (yevstaxiit, tubootit) kimi bir sıra fəsadlara səbəb ola bilər”.
Otorinolarinqoloq həmçinin burun qanaxmasının səbəbləri haqda da danışıb. Qeyd edib ki, tez-tez rast gəlinən burun qanaxmalarının hipertoniya, bir sıra qan xəstəlikləri, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hamiləlik, müxtəlif burun travmaları, kapilyarların angiopatiyası kimi səbəbləri var.