Son yeniləmə: 16 Oktyabr 2023 09:58
Cavid Aydın: Eskişehir Azərbaycanlılar Dərnəyi xeyirxah ənənəsini davam etdirir
BAYRAQDAR MEDİA – Hər il olduğu kimi, bu tədris ilində də ehtiyacı olan və fəal azərbaycanlı tələbələr diqqətimizdə olacaq. Hələ yay aylarından etibarən müxtəlif qurum və iş adamlarına etdiyimiz müraciətlər, Eskişehirdən vaxtı ilə məzun olan azərbaycanlı iş adamları ilə keçiridyimiz görüşlər nəticəsiz qalmadı”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.
Onun sözlərinə görə, bu müraciət və görüşlər sonunda əldə edilən nəticə 2023-2024-cü tədris ilində Eskişehirdəki müxtəlif universitetlərdə təhsil alan 30 azərbaycanlı tələbəyə təqaüd verməyə imkan yaradacaq: “Ancaq bu ilkin rəqəmdir. Danışıqlarımız davam edir. Bəlkə də təqaüd verəcəyimiz tələbələrin sayı 34-35 nəfər oldu. Yəni ümumi olaraq qeyd edə bilərik ki, Eskişehir Azərbaycanlılar Dərnəyi xeyirxah ənənəsini davam etdirir”.
C.Aydının sözlərinə görə, hər il olduğu kimi bu il də öncədən elan verilib: “Təqaüd almaq üçün dərnəyə müraciətlər edilib. Biz həmin müraciətləri dərindən nəzərdən keçirmişik. Nəticədə də ehtiyacı olan, o cümlədən Dərnəyin işində, keçirdiyi tədbirlərdə yaxından iştirak edən, xüsusi fəallığı və təhsildə bacarığı ilə seçilən gəncləri diqqətdən kənarda qoymadıq. Bundan başqa, daha bir ənənəmiz də davam edir. Bu il də tələbələrimiz arasında puanlama sistemi ilə müxtəlif katiqoriyalar üzrə fəallar müəyyən ediləcək və onlara müvafiq hədiyyələr təqdim ediləcək”.