Press "Enter" to skip to content

20 il! Az müddət deyil! Amma çox da deyil!

Azər Həsrət

BAYRAQDAR MEDİA – Oktyabrın 15-i Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsinin 20-ci ilidir. Belə baxanda tarix üçün uzun bir müddət deyil. Amma çağdaş “demokratiya” dəllallarına görə bu müddət çox uzundur…

2003-cü ilin məhz bu günündə şəxsən mən İlham Əliyevin ən sərt əleyhdarlarından biri idim. Elə həmin ilin o seçkisində də İ.Əliyevə qarşı cəbhədə yer almış, müxalif namizədlərdən olan İsa Qəmbəri açıq bəyanatla dəstəkləmişdim…

2003-cü ilin 15 oktyabr günü səsvermə keçirildi. Günorta oturduğum Xaqani 33-dəki otağımda dostlara dedim ki, “biz uduzduq”. Bu qənaətə gəlməyimə səbəb o idi ki, səsvermə ilə bağlı gələn xəbərlər heç də bizim – müxalifətin xeyrinə deyildi. Ona görə də saat 16-dan sonra dəftər-kitabımı bağlayıb evə yollandım…

Lakin səhəri gün – 16 oktyabrda bir hərəkətlənmə oldu. Günorta saatlarında Neftçilər prospekti tərəfdən gələn səslər yeni bir hərəkətlənmədən xəbər verirdi. Mən də yerimdə qalmadım, Azadlıq Meydanına yürüdüm. Artıq meydan etirazçılarla dolmuşdu. Birbaşa tribunaya çıxdım. Burada İqbal Ağazadə, İbrahim İbrahimli (məkanı cənnət olsun) və başqa siyasilər vardı. Çıxış edirdilər…

Tribunadaykən “Allahu əkbər” sədaları dönüb arxama baxmağıma səbəb oldu. Arxamda saqqallı gənclər vardı, bu şüarı qışqırırdılar. Açığı, bu durum heç açmadı məni. Biz demokratiya üçün meydandaydıq, amma belə anlaşıldı ki, meydanı dolduranların bir qismi tamam başqa məqsəd üçün ordadır…

Sonra meydan dağıdıldı. Uniformalı komandalar bir anda irəli şığıdı, gərəkli tədbirləri gördü və meydan boşaldı. Mən də tribunadan düşüb sakitcə hökumət evinin arxasına doğru addımladım (tanıyanlar bilir, heç vaxt belə yerlərdən qaçmamışam). Evin arxasına keçmişdim ki, bir dəstə polis (təxminən 10 nəfər) sözün həqiqi mənasında üzərimə şığıdı. Tez geri çevrildim, dayandım, sakitcə dedim ki, “mən jurnalistəm”. Bir anlıq dondular, yuxarı qaldırılmış dəyənəklərini aşağı saldılar, anidən dönüb getdilər…

Düşündüm ki, bununla qurtuldum. Amma olmadı. Az sonra başqa bir dəstə sərt şəkildə üzərimə gəldi. Yenə də dayandım, “mən jurnalistəm” dedim. Bu dəfə dəstənin komandiri qayıtdı ki, “tanıyıram, İsa Qəmbərin jurnalistidir”. Və üzərimə hücum etdilər. Bir neçə saniyə sonra yerdəydim. Sadəcə mümkün qədər sifətimi qorumağa çalışırdım. Qalanını taleyin öhdəsinə buraxmaqdan başqa çarəm yox idi. Az sonra bu dəstə yerdə leşimi buraxaraq oradan uzaqlaşdı…

Bir az keçmiş özümə gəldim. Ayağa qalxıb üst-başımın tozunu çırpdım. Xaqanı 33-ə gəlib az sonra da evə yollandım…

Evdə əynimi təmiz soyunaraq bütün bədənimin videosunu çəkdim. Ki, birdən nəsə olsa bilinsin ki, nədən olub. Bədənimdə təmiz yer yox idi. Rezin dəyənəklərin zolaq-zolaq izləri bütün bədənimi bəzəmişdi…

Amma ölmədim. Sağ qaldım. Düzdür, sonrakı dövrdə və indiyə kimi bunun əzablarını çəkirəm. Lakin dövlətimə küskün deyiləm!

Dövlət elə bu cür qətiyyətlə qorunduğunda dövlət olur! Vay o günə ki, dövlət başçılığına iddia edən şəxs meydana çıxmağa belə ürək etməyə! Vay o günə ki, dövlətin başındakı şəxs ən adi vəziyyətdə belə “qardaş qanı axmasın” deyib hakimiyyəti təslim edə! Dövlət başçısı gərək olduğunda yumruq da göstərməyi bacarmalıdır!

…İlham Əliyevdən danışırıq. Məhz həmin gün o, Azərbaycanın dövlət başçısı seçildi. Çox narahat idik. Qorxurduq ki, “papanın gül balası” sandığımız bu gənc dövləti idarə edə bilməyəcək.

…Bizə görə o, atası Heydər Əliyevin kölgəsində qalacaq və Azərbaycanı hətta Moskvanın ayaqları altına atacaqdı.

…Hətta Qarabağı da Ermənistana peşkəş edəcəkdi İlham Əliyev. Yəni biz elə sanırdıq.

…Sonrakı illərdə gördük ki, düşündüklərimizin tamam əksi baş verir. İlham Əliyev az bir müddət içində atası, böyük siyasət adamı Heydər Əliyevdən də irəli gedə biləcəyinin işartılarını verirdi artıq. Yəni bizim düşündüyümüz kimi, “papanın gül balası” deyildi o.

2003-cü ildən sonrakı müddətdə Prezident İlham Əliyevin istər ölkə içində, istərsə də dışında yavaş-yavaş əldə etdiyi uğurlar bizdə – şəxsən məndə ona qarşı yeni ümidlərə səbəb oldu. Ona görə də radikal müxalif mövqeyimi bir kənara qoyub bir müddət sadəcə loyal gözləmə mövqeyi tutdum…

2008-ci ilin prezident seçkisində isə gedib ona səs də verdim. Bəli, 5 il öncə qatı əleyhdarı olduğum İlham Əliyevə səs verdim, onu dəstəklədim…

Yanılmadım. Yanıltmadı o bizi. Əksinə, hər keçən il ona olan inamımız artdı, bərkidi. İndi qarşımızda Qərbin belə həvəslə dostluq etməyə çalışdığı bir lider – İlham Əliyev vardı. Üstəlik, onun siyasəti sadəcə Qərb dəyərlərinin mənimsənilməsində deyil, həm də bizim vazkeçilməz idealımız olan türk dünyası istiqamətində də özünü aydın şəkildə büruzə verirdi.

…İllər ötdükcə İlham Əliyev ölkənin iqtisadi imkanlarını genişləndirir, Qərb dəyərlərini ölkəyə gətirir, türk dünyasının birliyinin təmin edilməsi üçün durmadan çalışırdı. Biz də qərara gəldik ki, onun səsinə səs, gücünə güc qataq. Ki, ideallarımız daha tez gerçəkləşsin.

…Ən əsas məsələ – Qarabağın işğaldan qurtuluşu gözləyirdi bizi hələ. Bunun üçün də o, bütün cəbhələrdə savaşırdı. Biz də potensialımızı buna yönəltmişdik. O illər ərzində iştirak etdiyimiz bütün beynəlxalq platformalarda Qarabağ dedik, Prezidentin mövqeyini paylaşdıq, üzərimizə gələnlərə ən sərt cavab verdik!

…Biz inanırdıq. İnanırdıq ki, İlham Əliyev Ali Baş Komandan və dövlət başçısı olaraq Qarabağ ayıbını təmizləyəcək! Ona görə də hər cür qaragüruhun üzərimizə gəlməsinə baxmayaraq mövqeyimizdə qəti və birmənalı idik!

…İlham Əliyev bacardı! O, Qarabağı bizə qaytardı! Mən bu sətirləri yazmağa başlayanda artıq Sərsəng su anbarı və Ağdərə şəhərində müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın dövlət bayrağını yüksəltməsi xəbəri gəldi! Yəqin ki, bir müddət sonra da Xankəndidə Azərbaycan Bayrağının yüksəldilməsi xəbərini alacağıq. Zatən Xankəndi də işğaldan azad edilib, bəzi texniki məsələlər həll edilir.

Azərbaycan bayrağı Ağdərədə
Azərbaycan Bayrağı Ağdərədə

Bu, İlham Əliyevdir. Müzəffər Ali Baş Komandan! 20 il öncə bizim onun prezidentliyinə şübhə ilə yanaşdığımız İlham Əliyev! Biz ona qarşı dirənirdik, o isə dövlət üçün, dövlətin ərazi bütövlüyünün təmin edilməsi üçün dirənirdi!

O, qalib gəldi!

Elə bizə də qalib gəldi! Ona inanmayan, fəaliyyətinə maneçilik törətmək istəyən hər kəsə qalib gəldi İlham Əliyev! O, bu qələbələrlə göstərdi ki, bir lider necə qətiyyətli olmalıdır!

İlham Əliyev qətiyyət, dəyanət, ləyaqət rəmzi sayılacaq bir dövlət başçısıdır!

Aradan keçən bu 20 il ərzində biz sözdə deyil, əməldə gördük ki, əsl dövlət rəhbəri necə olmalıdır və ola bilər!

İlham Əliyev Azərbaycanı ehtiyac içində olan ölkədən ehtiyac duyulan ölkəyə çevirməyi bacarmış tarixi şəxsiyyətdir!

Sonda: 2003-cü ilin 15-16 oktyabrına ekskursu nahaqdan etmədim. Bəzən bəzi şəxslər bu olanları xatırladır və deyirlər ki, axı bu yaşadıqlarından sonra İlham Əliyevi necə dəstəkləyə bilirsən? Cavabım həmişə bir olub: bizim davamız şəxsi deyil! Elə İlham Əliyevin də mücadiləsi şəxsi deyil! O da, biz də dövlət və millət üçün mücadilə ediriksə, məsələləri necə şəxsi müstəviyə daşıya bilərik? İlham Əliyev böyük liderdir! Böyük olmasaydı bizim kimi insanların ona qarşı radikallıqlarını gözardı edərək şəxsimizə dəyər verməzdi. Lider belə də olmalıdır!

Lap sonda: Biriləri bizim başımızı “demokratiya” oyunları ilə qatmaq istəyirdi. Amma İlham Əliyev bu milləti daha yaxşı bir oyuna hazırladı: işğal altındakı torpaqların azadlığı oyununa. O, haqlı çıxdı, qazanan oldu. Zatən əsl lider belə də olmalıdır!

Yazını yenicə dərc etmişdim ki, İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını yüksəltdiyi xəbəri gəldi!

Mission News Theme by Compete Themes.