Press "Enter" to skip to content

İlham Əliyev qardaş ölkə başçısını qəbul edib

Dövlət başçılarının görüşü

BAYRAQDAR MEDİA – Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarı qəbul edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

“Görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “bu xüsusda, səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti Türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd edib”.

O da bildirilir ki, görüşdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, KKTC artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da KKTC-nin müşahidəçi statusunun olması tam məntiqlidir.

Ersin Tatar da öz növbəsində Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, həmçinin Bakıda təşkil olunan Kuzey Kıbrıs Kültür Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Sonda E.Tatar İ.Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Ersin Tatardan İlham Əliyevə anlamlı hədiyyə
Ersin Tatardan İlham Əliyevə anlamlı hədiyyə
Mission News Theme by Compete Themes.