BAYRAQDAR MEDİA – Oktyabrın 12-də Mədəniyyət Nazirliyində qardaş Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.
Bu haqda Azərbaycan Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.
Xəbərdə bildirilir ki, “Türkmənistan nümayəndə heyəti 13-14 oktyabr tarixlərində “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Forum Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Qonaqları səmimi salamlayan nazir Adil Kərimli Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, iki ölkənin rəhbərləri arasında səmimi dostluq münasibətləri qardaş ölkələrin əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu da öz növbəsində, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişafına mühüm zəmin yaradıb”.
Sonra xəbərdə, “Türkmənistanın mədəniyyət naziri A.Şamıradov səmimi qəbula, qonaqpərvərliyə, eləcə də Türk dünyasının birliyinə, mədəniyyətlərin qarşılıqlı tanınmasına, təbliğinə xidmət edən tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Türkmən nazir mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu, gələn ilin aprel ayında Bakı və Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığını deyib. O, IV “Korkut Ata” Türk Dünyası Film Festivalının Türkmənistanın Anev şəhərində keçirilməsi qərarının böyük məmnunluq doğurduğunu da vurğulayıb” deyə qeyd olunur.
A.Kərimli sabah Şuşada işə başlayacaq I Türk Dünyası Mədəniyyət Forumunun xalqların qədim tarixi-mədəni irsinin qarşılıqlı təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.