Son yeniləmə: 12 Oktyabr 2023 14:08
Tahsin Ertuğruloğlu: Bizə qarşı dünya birliyi tərəfindən tətbiq edilən qeyri-insani embarqolara son qoyulması üçün türk dünyasından, türk dövlətlərindən dəstək gözləyirik
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Azərbaycana səfər edib. Səfər zamanı qardaş ölkənin naziri BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Onun geniş və maraqlı məqamlarla zəngin müsahibəsini oxuculara təqdim edirik.
Kıbrıs türkü uzun illərdir diskriminasiyaya məruz qalır
– Türk dünyası da, KKTC-də çox tarixi bir dönəmdən keçir. Türk dünyası daha da sıx birləşir. Eyni zamanda bu birliyin fonunda Kıbrıs türkünün səsi daha da ucalardan eşidilir. Bu konteksdə hazırda Kıbrısda durum necədir?
– Mən sualınıza cavab olaraq məsələyə dərindən, yəni “Kıbrıs problemi” prizmasından yanaşmaq istəyirəm. Qeyd edim ki, məhz bu problem səbəbindən Kıbrıs türkü uzun illərdir diskriminasiyaya məruz qalır. Ancaq proseslər artıq başqa məcrada inkişaf edir. Bu baxımdan bizə qarşı haqsızlıqların aradan qaldırılacağı, Kıbrıs türkünün haqq etdiyi kimi beynəlxalq arenada öz yerini tutacağı gün uzaqda deyil. Bu istiqamətdə atılan önəmli addımlardan biri də KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsidir. Bu, son dərəcə önəmli və tarixi hadisədir.
Çünki Kıbrıs türkü türk dünyasının qopmaz bir parçasıdır. Elə Kıbrıs problemi də sadəcə Kıbrıs türkünün Kıbrıs rumu ilə olan problemi deyildir. Bu, sadəcə Ana vətən Türkiyənin Yunanıstanla olan bir problemi də deyildir. Kıbrıs problemi türk dünyasının problemidir. Doğu Akdenizdə türk dünyasının haqq, hüquq, mənfəət və təhlükəsizliyi ilə bağlı olan bir problemdir. Buna görə də türk dünyasının Kıbrıs türkünə hər keçən gün daha da sıx sarılması, daha sıx təmas etməsi vacibdir. Nəticədə eyni millətin övladlarıyıq. Bizə qarşı dünya birliyi tərəfindən tətbiq edilən qeyri-insani embarqolara son qoyulması ilə bağlı türk dünyasından, türk dövlətlərindən dəstək gözləyirik. Bu istiqamətdə də asta-asta da olsa, irəliləyişlər baş verməkdədir.
Rumlar buna əməl etmədilər
– Bu cür problemlərin həlli istiqamətində siyasilərlə yanaşı ən böyük ağırlıq diplomatiyanın üzərinə düşür. Bu baxımdan KKTC-nin xarici siyasətini reallaşdıran quruma rəhbərlik edən bir şəxs kimi öndəsiniz. Amma KKTC daxilində bəlli bir müxalif təbəqə var ki, onlar KKTC-nin azad, müstəqil dövlət kimi haqqının dünya tərəfindən tanınması üçün reallaşdırılan siyasəti əngəlləyən addımlar atırlar. Maraqlıdır ki bu qüvvələr Cümhurbaşqanı ilə yanaşı sizi də hədəfə alırlar. Bu, xaricdən istiqamətlənmiş hücum ola bilərmi?
– Tamamilə doğrudur. Sualınıza birbaşa cavab verməzdən öncə bildirmək istəyirəm ki, ilk olaraq Kıbrıs probleminin nə olduğunu öyrənmək lazımdır. Bu problemin bir gerçək tərifi var, bir də xarici ölkələrin, Batı dünyasının yaratmış olduğu “problem” var. Öncə ondan başlayaq ki, “Kıbrıs” bir dövlətin deyil, adanın adıdır. Problem də bu adanın problemidir. Bu adada iki xalq yaşayır. Bir zamanlar ortaqlıq dövləti vardı. Həmin ortaqlıq dövləti də siyasi bərabərlik təməlində qurulmuşdu. Bu dövlətin milli marşı (dövlət himni) yox idi. İndi bir dövlət düşünə bilirmisiniz ki, onun milli marşı olmasın. Sual etsəniz ki, niyə yox idi, cavabı budur – Hər bir dövlət xalqa bağlı olmalıdır. Kıbrıs ortaqlıq dövləti isə xalq bağlı deyildi. Yəni yer üzündə kıbrıslı deyə bir xalq yoxdur.
1960-cı ildə Kıbrıs Cümhuriyyəti qurulanda bu Cümhuriyyətin vətəndaşları vardı, ya türk, ya da rum olaraq. Amma “kıbrıslı” deyə bir xalq formalaşmadığı üçün bu cümhuriyyətin himni də yaradılmadı. Adadakı rumlar Yunanıstanın, türklər isə Türkiyənin dövlət himnindən istifadə etmək qərarına gəldilər. Onu da qeyd edim ki, bu ortaqlıq dövləti qurulanda bir təməl prinsip elan edimişdi. Həmin təməl prinsipə əsasən, adadakı iki xalqdan heç biri “bu dövlətin sahibi mənəm, mən dediyim qaydalar işləməlidir” deyə bilməzdi. Lakin rumlar buna əməl etmədilər. Həmçinin, Batı dünyasının, BMT Təhlüksəizlik Şurasının beş daimi üzvünün etdiyi yanlış siyasətin təməli məhz həmin illərdə qoyuldu. Bizi silah yolu ilə, vəhşiliklə ortaqlıqdan kənarlaşdıran rumlar Kıbrısda əsas söz sahibi kimi qəbul edilməyə başladılar. Batı dünyası da, BMT Təhlüksizlik Şurasının beş daimi üzvü də rumlara “siz təkbaşına Kıbrıs Cümhuriyyətisiniz” dedi. Baxın, Kıbrıs problemi budur. Bunu yaxşı anlamaq lazımdır.
Onlar hələ də 1960-cı illərə, artıq olmayan Kıbrıs Cümhuriyyətinə ilişib qalıblar
– Demək istəyirsiniz ki, gerçək Kıbrıs problemi rum tərəfinin Batı dünyası tərəfindən Kıbrıs Cümhuriyyəti kimi tanınmasından qaynaqlanır?
– Tamamilə doğrudur. Elə buradan da konkret sualınıza cavab vermək istəyitəm. KKTC daxilində, bizim içimizdə bir müxalif kəsim var ki, onlar hələ də 1960-cı illərə, artıq olmayan Kıbrıs Cümhuriyyətinə ilişib qalıblar. Halbuki ortada bir rum dövləti var və o dövlət əsassız olaraq “mən Kıbrıs Cümhuriyyətiyəm” deyə iddia edir. Lakin indiki dövlətlə 1960-cı ildə qurulan Kıbrıs Cümhuriyyəti eyni deyil. Təəssüflər olsun ki, içimizdəki həmin müxalif kəsim bu fərqi görə bilməyərək və “bız kıbrıslıyıq” deyərək, Kıbrıs məsələsini öz təbirlərincə bu cür təqdim edirlər. Rum tərəfinin Avropa Birliyinin üzvü olmasından sonra isə həmin bəhs etdiyimiz müxalif kəsim yeni bir iddia irəli sürüb. Yəni hazırda “biz AB üzvü olan, BMT üzvü olan Kıbrıs Cümhuriyyətinin vətəndaşlarıyıq. Bizim yerimiz oradır” deyə xəyal quran insanlarımız, partiyalarımız, QHT-lərimiz var. Reallıq isə tamamilə başqadır. Arzumzu budur ki, həmin insanlar, həmin kəsimlər reallığı düzgün anlaya və qəbul edə bilsinlər.
Ana Vətən Türkiyənin olmadığı bir yerdə biz yox olmağa məhkumuq
– Bəs reallıq nədir?
– Kıbrıs türkünün böyük çoxluğunun da qəbul etdiyi reallıq budur ki, “Ana Vətən Türkiyənin olmadığı bir yerdə biz yox olmağa məhkumuq”. Dolayısı ilə biz istənilən şərtlər daxilində Ana Vətən Türkiyə ilə birlikdə addımlayaraq, öz məqsədlərinə çata bilən insanlarıq. Bizim ali məqsədimiz isə Kıbrıs türkünün dövlətçilik haqqının dünya tərəfindən tanınması, bizə qarşı uzun illərdir tətbiq edilən qeyri-insanı embarqoların tez bir zamanda aradan qaldırılmasıdır. Artıq dünya dəyişib.
Yeni şərtlər meydana gəlib, həmçinin Ana Vətən Türkiyə qlobal aktor kimi beynəlxalq arenada öz sözünü deyir. Bütün bunların fonunda Kıbrıs türkləri olaraq qarşıya qoyulan məqsədlərə nail olacağımıza inanırıq. Çünki başqa yolu yoxdur. Bizim də görəvimiz Doğu Akdenizdə türk dünyasının, türk millətinin haqqının, hüququnun maraqlarının və təhlükəsizliyinin qorunmasının təmin edilməsi istiqamətində üzərimizə düşən vəzifənin şərəflə yerinə yetirilməsidir.
KKTC-nin sabit və davamlı inkişafı üçün başqanlıq sisteminə keçid vacibdir
– Təbii ki, istənilən məqsədə çatmaq üçün daxildə də davamlı addımların atılması, iqtisadiyatın güclənməsi, siyasi sabitliyin olması şərtdir. Lakin KKTC-nin idarəetmə quruluşu hazırda elədir ki, bir millərt vəkilinin çəkilməsi ilə hökumət düşür. Bunun qarşısını almaq üçün Konstitusiya dəyişikliyi etməyin, idarəçilikdə də Türkiyə variantına, yəni başqanlıq sisteminə keçməyin vaxtı deyilmi?
– Mən uzun illərdir ki, məhz bunu dəstəkləyirəm. Mən başqanlıq sisteminə inanan birisiyəm. Mövcud parlament idarəçiliyi ilə KKTC-də daimi siyasi sabitliyin olacağını düşünmürəm. Əksinə sizin də dediyinzi kimi bu, ölkəyə tez-tez siyasi sabitsizlik gətirir. Dolayıs ilə siz tamamilə haqlsınız ki, Konstitusiya dəyişikliyi ilə başqanlıq sisteminə keçid etsək bu çox uğurlu və gələcəyimiz üçün mühüm addım olar. Bunun reallaşması üçün isə parlament addım atmalıdır.
Təəssüflər olsun ki, mövcud şərtlər daxilində parlamentin bu addımı atması bir qədər zor görünür. Səbəb isə budur ki, bizdə millət vəkili seçilənlər adətən, belə deyək ki, nazir olmağı hədəfləyirlər. Başqanlıq sisteminə keçid zamanı isə millət vəkili nazir ola bilməyəcək. Ona görə də millət vəkilləri bu məsələyə soyuq yanaşırlar. Digər tərəfdən əsassız olaraq belə bir təbliğat aparılır ki, guya başqanlıq sistemi diktaturaya yol açacaq. Deməli bu sistemə keçid üçün uzun bir yol keçməyimiz, öncə zehniyyətdə dəyişikliyə nail olmağımız vacibdir. Bununla belə, bütün hallarda hesab edirəm ki, KKTC-nin sabit və davamlı inkişafı üçün idarəetmədə dəyişikliyin olması vacibdir. Bu zaman artıq, sizin də dediyiniz kimi hökumətin taleyi, reallaşdırılan dövlət proqramlaırnın, islahatlaırn taleyi hansısa bir millət vəkilindən aslı olmayacaq. Yəni, “bir millət vəkili çəkilərsə hər şeyi yenidən başlamalı olarıq” narahatlığına son qoyula bilər.