Press "Enter" to skip to content

III “Korkut Ata” Türk Dünyası Film Festivalı yekunlaşıb

Festivaldan görüntü

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə 8-11 oktyabr tarixlərində Bakıda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı yekunlaşıb.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə bildirilir ki, “oktyabrın 11-də HƏM-də festivalın bağlanış mərasimi keçirilib. Mərasimdə rəsmi şəxslər, türk dünyasının tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər. Əvvəlcə dörd gün davam edən festivala həsr olunan videoçarx nümayiş olunub. Açılış nitqi söyləyən TÜRKSOY-un baş katibi Sultan Raev festival barədə təəssüratlarını bildirib və Azərbaycanda olmağından məmnunluğunu ifadə edib. O, çıxışının sonunda TÜRKSOY-un xüsusi mükafatını Xalq artisti Fəxrəddin Manafova təqdim edib”.

Sonra xəbərdə, “münsiflər heyətinin sədri Xalq artisti Vaqif Mustafayev festivalın əhəmiyyətindən bəhs edib. Daha sonra sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər heyəti qonaqlara təqdim olunub. Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan), Serdar Gökhan, Metin Günay (hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağasi Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) fəxri mükafatlarla təltif olunub” deyə qeyd olunur.

Həmçinin xəbərdə deyilri ki, “”Jambıl” filminə görə qazaxıstanlı rejissor Dosjan Janbotaev, “Hep 33 yaşında” filminə görə türkiyəli rejissor Murat Pay jürinin xüsusi mükafatına layiq görülüb. “Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev (“Qızıl alma”, Türkmənistan), “Ən yaxşı aktrisa” nominasiya üzrə mükafatı isə Təhminə Rafaella (“Məryəm”, Azərbaycan) qazanıb. “Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” (Özbəkistan) filmi layiq görülüb. “Ən yaxşı rejissor” nominasiyasında Zhuraeva Asel Talibzhanova (“Tanrıverdi”, Qırğızıstan) qalib olub. “Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafat “Mənim dairəm” (Özbəkistan), 2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb. “Ən yaxşı bədii film” nominasiyasında “Yıldız tozu” (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib olub. Mükafat Bakı Media Mərkəzinin Prezidenti Arzu xanım Əliyeva tərəfindən təqdim edilib”.

Sonra mədəniyyət naziri Adil Kərimli növbəti “Korkut Ata” festivalının Türkmənistanın Anev şəhərinə ötürülməsini və orada keçiriləcəyini simvolizə edən “Durna quşu” mükafatını Türkmənistanın nümayəndəsinə təqdim edib. A.Kərimli çıxışında sözügedən festivalın əhəmiyyətini yüksək qiymətləndirib, onun təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.

Daha sonra Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.

Mission News Theme by Compete Themes.