Press "Enter" to skip to content

Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə forumu – VİDEO

Forumdan görüntü

Son yeniləmə: 12 Oktyabr 2023 12:41

BAYRAQDAR MEDİA – Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan Səhiyyə nazirliklərinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “forumun başlıca məqsədi hər iki ölkənin səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlər, tətbiq edilən innovasiyalar, səhiyyənin rəqəmsallaşdırılması, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərin müzakirəsi və iki ölkənin həkim mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır. Forumdan əvvəl Özbəkistanın səhiyyə naziri və tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto sərgi və kitab kolleksiyası ilə tanış olublar. Tədbirdə öncə H.Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilib. Forumun açılışında çıxış edən Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində iki ölkə arasında sıx tərəfdaşlığın olduğunu vurğulayıb”.

Sonra xəbərdə, “forumda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev 10 gün müddətində davam edən səhiyyə dekadasında gərgin zəhməti, yorulmaz qonaqpərvərliyi ilə qardaşlıq missiyasının təşkilinə verdiyi dəstəyə görə nazir A.İnoyatova və Özbəkistan tibb ictimaiyyətinə təşəkkürünü ifadə edib. Qeyd edib ki, 2023-cü ildə müxtəlif sektorlar üzrə əlaqələrin inkişafı dinamik xarakter alıb. Forumda çıxış edən, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri bu dostluğun bariz nümunəsidir”.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov Fondun genişmiqyaslı fəaliyyəti, o cümlədən səhiyyənin inkişafı sahəsində həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib.

Forumda Azərbaycan həkimlərinin adından çıxış edən Azərbaycan Tibb Universitetinin uşaq cərrahiyyəsi kafedrasının müdiri Prof. Ramiz Poluxov elmi və klinik təcrübələrdə yeni yanaşmalar, səhiyyə dekadası çərçivəsində birgə icra edilən cərrahiyyə əməliyyatları, aparılan müayinələr və praktiki tibbi təlimlərin nəticələri barədə məlumat verib.

Həmçinin, tədbirin digər iştirakçıları tərəfindən səhiyyə sektorunda transformasiyalar, klinik praktikada yeni diaqnostika və müalicə üsulları, ikitərəfli əməkdaşlığın perspektivləri mövzularında çıxışlar edilib.

Forumun sonunda, Özbəkistanda səhiyyənin inkişafında mühüm xidmətlər göstərən, “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində cərrahiyə əməliyyatları, tibbi müayinə və müalicələr aparan Azərbaycan Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin və tədbir təşkilatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Mission News Theme by Compete Themes.