BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanası Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada Mustafa Kemal Atatürklə bərabər Çanakkale döyüşü bitdikdən sonra alman dövlətinin ən önəmli mükafatlarından olan Dəmir Xaç medalının ən yüksək rütbəsi – I dərəcəli Dəmir xaç ordeni ilə almanlar tərəfindən təltif edilən türk əsgər, siyasətçi və diplomat Behiç Erkin haqqında məqalə yaradıb.
Məqalədə 1918-ci ildə Azərbaycanın ilk nizami ordusunun yaradılması ilə məşğul olan B.Erkinin hərbi polis və jandarm təşkilatını yaratmaq üçün 19 iyul-28 avqust 1918-ci il tarixləri arasında Gəncəyə göndərilməsi haqda məlumat verilib. Həmçinin qeyd edilir ki, onun 1918-ci il avqustun 3-də hazırladığı “Azərbaycan Jandarma Təşkilatının Nizamnaməsi” Azərbaycan Nazirlər Şurası sədri Fətəli Xan Xoyski və hərbi nazir müavini, Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü İsmayıl xan Ziyadxanov tərəfindən Behiç bəyin iştirakı ilə imzalanıb.
Məqalə ilə bağlı X.Məmmədli BAYRAQDAR MEDİA-ya deyib ki, “bu məqalə Türkiyə Cümhuriyyətinin 100 illiyi istiqamətində yaratdığım məqalələr sırasındadır. Bu şəxs Azərbaycan tarixi üçün çox böyük işlər görüb, Azərbaycan Milli Ordusunun yaranmasında səbəbkar biridir. Amma təəssüflər olsun ki, onun haqqında tarixdə o qədər də məlumat yoxdur. Çox insan onu tanımır. Məqaləni yaradarkən bir çox tarixi mənbələrdən istifadə etmişəm”.
Qeyd edək ki, 11 noyabr 1961-ci ildə İstanbulda vəfat edən B.Erkin İzmir-İstanbul-Ankara xətlərinin birləşdiyi Eskişehir (Enveriye) stansiyasında üçbucaqda dəfn olunmaq vəsiyyətini edib. Bir müddət sonra Türkiyə Dövlət Dəmir Yolları ümumi müdirliyi tərəfindən inşa edilən məqbərəyə köçürülüb və vəsiyyəti yerinə yetirilmiş olub.