BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Malayziya Milli Universiteti (The National University of Malaysia – Malay: Universiti Kebangsaan Malaysia) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.
Xəbərdə bildirilir ki, “Memoranduma əsasən, hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi; təcrübə və araşdırma; tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi; universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi; tələbə mübadiləsi və digər məsələlər yer alıb”.
Xatırladaq ki, Azərbaycanın Malayziyadakı Səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Aİİ-nin əməkdaşlarından ibarət nümayəndə heyəti 22-26 may 2023-cü il tarixlərində Malayziyada işgüzar səfərdə olublar. Nümayəndə heyəti rəsmi səfər çərçivəsində MMU-ni ziyarət edib. Görüşdə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində Anlaşma Memorandumunun imzalanması qərara alınıb.