BAYRAQDAR MEDİA Oktyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-dən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə giriş nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqaüd proqramlarının əhəmiyyətindən danışaraq hazırda ən vacib sahələrdə təhsil almaq istəyən qızların sözügedən proqramlar sayəsində arzularına çatdıqlarını bildirib. Azərbaycan qadını və təhsil mövzusuna toxunan elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bir çox sahədə olduğu kimi, bu sahədə də ilklərə imza atan Azərbaycan istər Şərq, istərsə də müsəlman ölkələri sırasında xüsusi yer tutur. Təqaüd proqramlarının əhəmiyyətindən söz açan E.Əmrullayev qızların təhsilə cəlb edilməsi, bu prosesə dəstək göstərilməsinin prioritet vəzifələrdən olduğunu vurğulayıb, qadınların təhsilli, genişdünyagörüşlü olmasının uşaq və gənclərimizin də nümunəvi tərbiyə və təhsilinin formalaşmasına təsir göstərəcəyini bildirib”.
Sonra xəbərdə, “çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bu il üçün təqaüd alan gəncləri təbrik edib. Növbəti illərdə sayın daha da artacağına inamını ifadə edən komitə sədri bildirib ki, bu gözəl təşəbbüsə bütün təşkilat və sahibkarların qoşulması, dəstək göstərənlərin sayının çoxalması önəmlidir. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqaüd alan qızların əksəriyyətinin yüksək bal topladıqlarını bildirib. Fondun indiyədək həyata keçirdiyi layihələr, təqaüd proqramlarından söz açan sədr bu sahədə əməkdaşlığın genişləndirildiyini vurğulayıb” deyə qeyd olunub.
Çıxışlar dinlənildikdən sonra layihəyə dəstək göstərən təşkilatlara – “British Petroleum”, “Neqsol Holding”, “İnci Group” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürnamələr verilib. Bununla yanaşı, dəstək göstəriləcək 54 tələbəyə sertifikat və gül dəstələri təqdim edilib.