Musa Bərzin: Guya, İranda türklərə, Güney Azərbaycan türklərinə o qədər azadlıq verilib ki, onlar ölkəni idarə edirlər
BAYRAQDAR MEDİA – “İranin fars-molla rejiminin, demək olar ki, bütün fəaliyyəti yalan təbliğat üzərində qurulub. Bu da səbəbsiz deyil. Rejim bu yolla dünya ictimaiyyətini aldatmağa, İranın gerçəkliklərini pərdələməyə cəhd edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycanın Ərdəbil şəhərindən olan milli fəal, hazırda Türkiyədə yaşayan hüquqşünas Musa Bərzin deyib.
O, qeyd edib ki, artıq uzun müddətdir fars-molla rejimi daha bir oyuna, daha bir yalan təbliğata əl atıb: “Bu da Güney Azərbaycanlılarla bağlıdır. Bildiyiniz kimi, çox vaxtı “İranda filan nazir, filan general türkdür, azərbaycanlıdır” deyə məlumatlar yayılır. Qeyd edim ki, bu məlumatların böyük əksəriyyətinin heç bir əsası yoxdur. Yəni, bu, sadəcə fars-molla rejiminin bir təbliğat oyunudur. Guya ki, İranda türklərə, Güney Azərbaycan türklərinə o qədər azadlıq verilib ki, onlar ölkəni idarə edirlər”.
M.Bərzin deyib ki, bu, tamamilə yalandır: “Mən fürsətdən istifadə edib Quzeydəki soydaşlarımıza, o cümlədən dünya ictimaiyyətinə müraciət edirəm–Fars-mollar rejiminin bu yalanlarına, bu təbliğat oyununa qətiyyən inanmayın. Hətta bəzən “Xamneyi azərbaycanlıdır”, deyə fikirlər də səsləndirilir. Bu da qətiyyən doğru deyil”.