Yaxud ürəyinin yarısını Azərbaycanda qoyub gedən insan haqqında yazı
BAYRAQDAR MEDİA – Məni tanıyanlar yaxşı bilirlər ki, nəinki hər hansı müsahibə və açıqlamanı, hətta hər hansı şəxs haqqında bir xəbəri belə qələmə alanda, dərc etməzdən öncə özünə məlumat verirəm. Diplomatik korpusun təmsilçilərinə yanaşmada isə daha mühafizəkar mövqedə oluram. O mənada ki, yazını dərc etməzdən öncə oxunması üçün mütləq özlərinə göndərirəm. Axı onlar burada təkcə özlərini deyil, həm də dövlətlərini təmsil edirlər.
Yəni qələm dostlarım bəlkə də məni buna görə qınayacaqlar. Amma bu da mənim iş prinsipimdir. Düzü bu vaxta qədər bu prinsipə sadiq qalmışam. Lakin ilk dəfədir ki, həmin prinsipimə, necə deyərlər, “xəyanət edirəm”. Yəqin ki buna görə həm oxucular, həm də bu yazını həsr etdiyim, qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat attaşesi Hüseyin Altınalan məni bağışlayar. Keçmiş ona görə yazıram ki, dəyərli dostumuz, fəaliyyəti dövründə hər addımında “bir millət – iki dövlət” prinsipinə sadiq qalan Hüseyin bəyin Bakıdakı görəv sürəsi artıq başa çatıb. Bir neçə gündən sonra geri dönəcək dostumuz, ürəyinin yarısını Azərbaycanda qoyub getdiyini deyir.
Pozulan ənənə
Adəti üzrə qardaş Türkiyənin ölkəmizdəki diplomatik təmsilçilərinin həm təyinatları zamanı, həm də görəv sürələri tamam olarkən imkan tapıb onlarla görüşür, müsahibələr alıram. Mənim bu ənənəmi isə ilk dəfə pozan məhz Hüseyin abi oldu.
Biz azərbaycanlı qələm əhli ona çox vaxt belə xitab edirik – Hüseyin abi. Elə qardaş Türkiyədə olarkən söhbət etdiyim Anadolu Ajansının əməkdaşları da ondan bəhs edərkən məhz bu kəlməni işlədirdilər – Hüseyin abi. Bu da təsadüfi deyil. Çünki, H.Altınalan hər kəsə bir abilik, bir xeyirxahlıq etmək üçün var gücü ilə çalışır. Hər halda bu dörd il ərzində müşahidələrimiz də bu qənaəti gücləndirib.
Abilikdən söz düşmüşkən, H.Altınalanın Azərbaycandakı dörd illik fəaliyyəti dövründə ən yaddaqalan üç məqamdan biri də məhz bununla bağlıdır. Həmin məqama keçməzdən öncə yazımızın başlığındakı “icazəsiz yazı” məsələsinə aydınlıq gətirim.
Yuxarıda qeyd etdiyim kimi, mənim ənənəmin davam etməsinə ilk dəfə “mane olan” məhz Hüseyin abi oldu. Mane olan sözünü ona görə dırnaq arasında yazıram ki, H.Altınalan bunu bilərəkdən etmədi. Sadəcə təyinatının ilk vaxtlarında “hələ dörd il buradayıq, vaxt tapıb söhbətləşərik” dedi. Sonra araya pandemiya girdi, daha sonra isə 44 günlük Vətən savaşı və onun ardınca cərəyan edən proseslər…
Bir də onda ayıldım ki, dostlardan biri, “xəbərin var, Hüseyin abinin görəv sürəsi tamamlanıb. Artıq bir neçə gündən sonra Bakıdan ayrılacaq” dedi. Dərhal H.Altınalana mesaj yazdım, amma gedəcəyini sanki bilmirəm kimi davrandım. Bəlli oldu ki, dostum düz deyirmiş. Hüseyin abi tez bir zamanda Türkiyəyə dönəcək. Özü dediyi kimi, bir vətəndən digər vətənə gedəcək.
İletişim başqanı Fahrettin Altuna dərin minnətdarlıq
Vətəndən söz düşmüşkən, H.Altınalanla səmimi söhbətlərimiz zamanı hər dəfə bir məqamın üzərində xüsusi olaraq dayanıb. O, hər dəfə söz düşəndə Azərbaycana təyinatına görə məhz Türkiyə Cümhurbaşqanlığının İletişim başqanı Fahrettin Altuna dərin minnətdarlıq hisslərini ifadə edib.
Yadımdadır, bir dəfə İstanbul səfərindən sonra onunla qısa bir söhbət etdik. Mən səfərin təşkilinə görə İletişim Başqanlığından, şəxsən başqan Fahrettin Altundan razılıq ifadə edərkən H.Altınalan belə reaksiya verdi: “Bizim başqan belədir. Diqqətcildir. Təkcə qonaqlara deyil, öz işçilərinə qarşı da xüsusi diqqət göstərir hər zaman. Bizlərə xüsusi qayğı ilə yanaşar, hər yerdə bizi müdafiə edər. Mən F.Altuna bir də Bakıya bu vəzifəyə təyinatıma görə dərindən minnətdarlıq edirəm. Burada çalışmaq mənim ən böyük arzularımdan biri idi. Və məhz F.Altunun sayəsində bu arzum gerçəkləşdi. Çünki Azərbaycan bizim üçün ikinci Vətəndir”.
“İcazəsiz yazı” ideyası
Qayıdaq yuxarıda vurğuladığımız “icazəsiz yazı” məsələsinə. Hüseyin abi ilə razılaşdıq ki, heç olmasa Türkiyəyə getməmiş, ayaqüstü də olsa görüşək. Öncə vaxtının çox az olduğunu bildirdi. Hətta, “onsuz da birdəfəlik getmirəm ki, BDU-da doktorluq işimi müdafiə edəcəm. Ona görə Bakıya gələcəm. O zaman görüşərik, rahat söhbət edərik” dedi. Ancaq mənim məqsədim başqa idi. Görüşəndə qısa da olsa ondan müsahibə almaq niyyətində idim. Düzdür, bu niyyətimə çata bilmədim. H.Altınalan müsahibə üçün bəlli prosedurların keçilməsinin lazım olduğunu dedi.
Baxdım ki, ona qədər Hüseyin abi artıq Azərbaycandan getmiş olacaq. Odur ki, “B” planına keçdim. Özümü bu gerçəkliyi qəbul etmiş kimi göstərib, səmimi söhbətə başladım. Məqsədim qısa zaman ərzində Hüseyin abini bacara bildikcə çox danıışdırmaq idi. Çünki qərarımı vermişdim. Özünə demədən belə bu söhbət əsasında bir yazı yazacaqdım. Qısası, “icazəsiz yazı” ideyası buradan doğmuşdu. Ümid edirəm ki, səmimi söhbətimizi ondan icazə almadan köşə mövzusuna çevirməyimə görə məni bağışlayar.
Yadda qalan üç vacib məqam
Səmimi söhbətimiz zamanı Hüseyin abi Azərbaycandakı dörd illik fəaliyyət dövrünü həyatının ən mənalı və qiymətli illəri kimi dəyərləndirdi. Maraqlı bir söz də dedi: “Mən dünyanın demək olar dörd bir yanında olmuşam, əksər yerlərdə fəaliyyət göstərmişəm. Amma onların heç biri haqqında “mən bu ölkədə yaşayaram” deməmişəm. Azərbaycan haqqında isə bunu ürəklə deyirəm. Azərbaycan Türkiyədən sonra bizim ikinci vətənimizdir”.
H.Altınalan buradakı fəaliyyəti dövründə yaddaqalan üç əsas məqam barədə də danışdı. “Birinci məqam odur ki, 44 günlük Vətən müharibəsi dövründə Anadolu Ajansı cənab Prezident İlham Əliyevdən müsahibə götürməli idi. Mən də onlarla bərabər getmişdim. Görüşdə özümü tədqim edəndə, cənab Prezident, “mən sizi yaxşı tanıyıram” dedi. Bu, olduqca qürurverici idi. İkinci məqam, cənab Erkan Özoral Azərbaycanda səfir işləyən zamana təsadüf edir. Həmin vaxt ADA-da səfirlər üçün bir görüş var idi və o dövrdə Azərbaycan XİN-in sözçüsü olan Leyla Abdullayeva məni də tədbirə dəvət emişdi. Yəni orada səfir olmayan yeganə dəvətli şəxs mən idim. Bu da çox qürurverici idi. Həmin görüşün sonunda Erkan bəy məndən, “Hüseyin bəy, axşam Cümhurbaşqanımızın mətbuat konfransı var, xəbəriniz varmı” deyə soruşanda anidən, “hansının” deyə cavab verdim. Bu da bizim “bir millət – iki dövlət” prinsipinə bağlılığımızdan irəli gəlir. Çünki diplomatik təmsilçilikdə işləyən bir Türkiyə vətəndaşı dünyanın başqa heç bri yerində bu cür “hansının” deyə sual etməz”.
H.Altınalanın xatirində qalan üçüncü məqam isə bəhs etdiyimiz abiliklə bağlıdır. 44 günlük Vətən müharibəsi zamanı H.Altınalan da gecələr belə səfirlikdə işləyirmiş. Bir gecə Türkiyədən olan və həmin vaxt reportaj üçün Gəncəyə getmiş bir türk jurnalist gecə təxminən saat 2-də H.Altınalana zəng edir və “abi, Gəncəni vurdular” deyir. Hüseyin bəy dərhal dizinin üstündə olan laptopu açır və CNN Türkün müxbiri Fulya xanımın hadisə yerindən canlı reportajına baxır. Bu zaman isə gözlərindən yaş gəlir və yanındakı dostlarından biri H.Altınalanın həmin anını fotonun yaddaşına köçürür. Hər halda o foto özü boyda bir tarixdir.
Deməli, həmin Türkiyədən olan qələm dostumuz sonralar deyib ki, “Hüseyin abi gecə telefon etdiyim zaman ilk zəngdən cavab verdi. Bu da onun bizlərə necə diqqətlə yanaşdığının, bizə necə abilik etdiyinin nümunəsi idi”.
Sonda bu dostcasına yazılan yazımıza iki məqamla yekun vurmaq istəyirəm.
Birinicisi odur ki, H.Altınalanın BDU-da doktorluq dərəcəsi almaq üçün elimi iş müdafiə edəcəyini yazdıq. Həmin elmi işin mövzusu çox maraqlı və gələcəkdə də bir çox tədqiqatçılar üçüm əhəmiyyət kəsb edən məsələyə həsr edilib. Azərbaycanın 44 günlük Vətən savaşında xarici mətbuatın proseslərə yanaşmasının araşdırılması bu elmi işin mövzusunu təşkil edir. Görünən odur ki, H.Altınalan elmi işi ilə də Türkiyə-Azərbaycan qardaşlığına, Azərbaycanın tarixi zəfərinə xidmət edən addım atmağa qərar verib.
İkinci məqam isə, yazıda hər hansı fikir yanlışlığına yol verilə bilmə ehtimalı ilə bağlıdır. Xatirimdədir, illər öncə həmin vaxt Prezidentin İşlər İdarəsinin müdiri olan Akif Muradverdiyev mətbuat konfransı keçirirdi. Orada mən də iştirak edirdim. Diktafonu işə salıb səslənən fikirləri qeyd etməyə qərar verdim. Lakin gecə evdə baxdım ki, heç bir səs düşməyib. Yəni kaset fırlanıb, amma səs yazılmayıb. Məcbur olub gecə saat 3-ə kimi “yaddaşımın kasetini” irəli-geri çevirdim. Artıq sabahı gün həmin vaxt işlədiyim “Bu gün” qəzetinin baş redaktoru Nəsib İsmayılovun otağına girərək, “bu gün üçün bir səhifəlik yazı məndə” dedim. Bununla yanaşı yazı dərc olunana qədər və ondan bir neçə gün sonra narahatlıq keçirdim. Axı tam bir qəzet səhifəlik yazını hər hansı səs qeydi olmadan, belə demək mümkündürsə, özümdən yazmışdım. Şükürlər olsun ki, bir problem çıxmadı. Əksinə, yazı yuxarılarda da çox bəyənilmişdi. Bunu xatırlatmaqla yanaşı ümid edirəm ki, Hüseyin abi ilə səmimi söhbətimiz əsasında, heç bir səs qeydi olmadan yazdığım bu yazıda da hər hansı bir əksiklik olmayacaq.
Redaksiyadan: BAYRAQDAR MEDİA olaraq Hüseyin bəyə bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirik. O, Bakıda işlədiyi müddətdə göstərdiyi çalışqanlıqla həm də bizim redaksiyanın hörmətini-güvənini qazanan diplomatlardan biridir.