BAYRAQDAR MEDİA – Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “səfər çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə yaradılmış Heydər Əliyev Meydanını və burada ucaldılmış böyük memorial kompleksini ziyarət ediblər. Nümayəndə heyəti Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyub, onun əziz xatirəsi ehtiramla yad edib. Meydan Prezident İlham Əliyevin 2022-ci il 21 iyunda Özbəkistana dövlət səfəri çərçivəsində açılıb. H.Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir. Sonra nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyində olub”.
Sonra xəbərdə, “Səhiyyə Dekadası çərçivəsində Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovun T.Musayevlə ikitərəfli görüşü də keçirilib. Səmimi mühitdə keçən görüşdə qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan Səhiyyə Dekadası çərçivəsində oktyabrın 11-də Özbəkistan-Azərbaycan səhiyyə forumu keçiriləcək. Forum ikitərəfli əməkdaşlığın dərinləşməsi ilə yanaşı, səhiyyə sahəsində təcrübə mübadilələrinin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığın stimullaşdırılması, bu sahəyə əlavə investisiyaların cəlb edilməsi üçün geniş imkanlar yaradacaq” deyə bildirilir.
Görüş zamanı digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi də aparılıb. T.Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti dekada çərçivəsində Akademik V.Vahidov adına Respublika İxtisaslaşdırılmış Elmi-Praktiki Cərrahiyyə Mərkəzində olub. Burada T.Musayev dekada çərçivəsində birgə əməliyyat olunan vətəndaşlar və Azərbaycandan gələn həkimlərlə görüş keçirib.
Görüşdə qeyd edilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən dekada çərçivəsində Özbəkistanın müxtəlif regionlarında yaşayan əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə 100-dən çox birgə cərrahiyyə əməliyyatları icra edilib və müayinələr aparılıb.