Press "Enter" to skip to content

Akademik Dram Teatrı yeni yaradıcılıq yolunda – VİDEO

Müsahibə "Xalq qəzeti"ndə

Son yeniləmə: 11 Oktyabr 2023 13:21

11 oktyabr 2023-cü ildə “Xalq qəzeti”ndə işıq üzü görmüş müsahibəni BAYRAQDAR MEDİA müəllifin və redaksiyanın icazəsi ilə dərc edir.

Ramilə QURBANLI / XQ

BAYRAQDAR MEDİA / Xalq qəzeti – Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə söhbətimiz onun son illərdəki yaradıcılıq uğurları barədədir.

–Ötən mövsüm sizin üçün çox düşərli oldu, Gənc Tamaşaçılar Teatrının baş rejissoru kimi, bu sənət ocağının 95-ci mövsümündə hazırladığınız “Kod adı V.X.A” tamaşası böyük maraqla qarşılandı. Həm mövzu, həm də quruluş baxımından ciddi, baxımlı bir tamaşa ərsəyə gəlib. Bu ideya haradan yaranmışdı?

–Əvvəl əsərin yazılmasından başlayım, mən həm də əsərin müəllifi kimi, o yolu 22 il əvvəldən başlamışam. 2000-ci ildən bu mövzuya dönə-dönə müraciət etmişəm.

–Repressiyaya uğramış ziyalılar və onların xanımları son illər yaradıcılığınızın ana xəttini təşkil edir.

–Elədir, “Qırmızı terror – Mircəfər Bağırov” filmindən sonra bu mövzuya marağım artdı. Mövzunu işləyəndə düşündüm ki, mütləq repressiyaya uğramış kişilərin xanımları barədə yazacağam. 1937-ci ildə, xüsusi maddə ilə “vətən xainləri”nin ailə üzvləri sürgünə göndərilir, cəzalandırılırdı. Məni bu günahsız qurbanların özlərindən çox ailələri düşündürürdü. Onların 90 faizi ailəsindən imtina etməyənlər idi. Halbuki rəsmi surətdə ayrılan, ailəsindən imtina edən repressiyaya uğramırdı. İmtina etsəydilər, onlar da sürgün olunmazdılar. Bu mövzu mənim içimdə uzun illər yol gəldi. Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin olunanda düşündüm ki, 80 nəfərlik böyük truppa ilə bu mövzunu işləmək olar. Orada elə aktyor var idı ki, illərlə səhnəyə çıxmamışdı – 20 il tərəf müqabili olmayan aktyorlar var idı. Bütün truppanı ayağa qaldırıb yaradıcılıqlarına nəzər yetirmək üçün irihəcmli bir iş olmalı idi. Mövzu da artıq yetişmişdi.

37-ci il, 37 qadın məsələsini uzun müddət planlaşdırmadığım halda özü formalaşdı. Ən ideal vəziyyət yaranmışdı, həm aktyor sayı, həm teatrın özünün ab-havası, mövzu, qadınlar. Hansı teatrda 37 aktrisa tapmaq olar? Bütün bunlar hamısı cəm oldu. Əlbəttə ki, teatrın direktoru Nahidə İsmayılzadə də bu böyük işin altına məmnuniyyətlə çi­yinlərini verdi. Düzdür, dövlət sifarişi idi, amma texniki problemlər də yox deyildi. Teatr bütün gücünü topladı və biz bu işi gördük.

Truppaya çox minnətdaram, ağır rejim idi, tamaşa 4 saat çəkirdisə, görün, bir gündə iki dəfə məşq etmək nə demək. Fasilə ilə 9-10 saat məşq edirdik. Hər gün və neçə ay ardıcıl işlədik. Truppa çox işlək tələblərə dözümlü idi. Hamı gücü çatacaq qədər iş gördü.

–Tamaşaçı üçün də asan deyildi, ağır tamaşa idi. Hamı bütün enerjisini sərf edib baxırdı, sona insanın enerjisi qalmırdı. Görün, səhnədəkilər necə yorulurdu, sonda bu hiss olunmurdu. Alqışa çıxanda hamı şən, gümrah görünürdü.

–Truppanın bu gücü və həvəsi məni sevindirdi. 4 saatlıq tamaşa və iki gün ardıcıl eyni tamaşanı oynamaq teatr tarixində ilk dəfə idi. Sənət baxımından isə mənim o repressiyaya uğramış qa­dınlar qarşısında bir borcum vardı. Bu işlə onlara “biz sizi xatırlayırıq, unutmamışıq” demək istədim. Həyatın ən dərin burulğanına düşən ən mərd qadınlar üçün bu işi görə bildiyimə görə çox xoşbəxtəm.

–Mövzu kino üçün idealdır, məsələn, Qazaxıstanda Akmola düşərgəsində çəkilməli bir film nəzərdə tuturuq.

–Haqlısınız, əslində, bu əsər ilk dəfə kinopovest kimi yazılmışdı. 2011-ci ildə o cür çap olunub. Sadəcə, elə bir zamana düşdü ki, pyes kimi yenidən işlədim.

–Tamaşanın uğuru sizi Akademik Dram Teatrına bədii rəhbərliyə gətirdi. Burada sizi çox işlər gözləyir. Nədən başladınız?

–Bəli, 2023-cü ilin may ayının sonundan buradayam. Akademik Milli Dram Teatrı doğma teatrımdır. Burada 25 il çalışmışam. Tələbəlik illərindən bu teatrda olmuşam. Diplom işim, ilk tamaşalarım burada oynanılıb. Ona görə də yeni təyinatım gözlənilməz olmadı. Müxtəlif teatrlarda çalışmışam, Musiqili Teatrda, “Yuğ”da, Gənc Tamaşaçılar Teatrında. Azərbaycan teatrı bir məkandır, hansında olmağımızdan asılı olmayaraq, səhnə yaradıcılığı ümumi prosesdir.

Bu teatra çətin vaxtda gəldim, ana teatr statusunu ona yenidən qaytarmaq lazımdır. Baş teatr bütün qalan teatrlar üçün mayak olduğunu sübut etməlidir. Teatr var, truppa var, kifayət qədər peşəkardırlar. Yetər ki, zəruri işlər görülsün. Əlbəttə, 1-ci repertuar məsələsidir. Akademik teatrda tamaşasının qoyulmasını istəyən dramaturq həddən çoxdur. Bu teatrın səhnəsi sınaq meydanı deyil, modern dramaturgiyaya yer verilməlidir. Eksperiment və sınaq üçün də meydan lazımdır, ona görə, kiçik səhnədə kast etməyə başladıq. Gənc müəlliflərin, aktyor və rejissorların, teatr bəstəkarlarının, rəssamlarının kastını edib, oradan ilk müsabiqədən keçib, böyük səhnəyə vəsiqə almalarını təşkil edirik.

Kiçik səhnədə il ərzində 3 müəllif, 3 tamaşa müəyyən edirik. Onlardan ən yaxşısı böyük səhnəyə vəsiqə alacaq. Sonra aktyorların məşğulluq məsələsidir və ondan da öncə nizam-intizamdır. Bu teatrın aktyoru əsas iş yerində çalışmalıdır.

Yeni bədii şura yaratdıq, 70 faizi nüfuzlu şəxslərdir. Yeni repertuarda bu il üçün 3 tamaşa müəyyən etmişik. Gələn il üçün 7 yeni tamaşa nəzərdə tutulub. Repertuardakı köhnəlmiş tamaşalara yeni yanaşma olacaq.

–Tamamilə repertuardan çıxarılan tamaşa da olacaqmı?

–Mən tamaşa çıxartmıram, onun yaşama ömrü var. Yaşaya bilməsə, öz-özünə çıxır repertuardan. Bu mövsüm üçün 3 yeni tamaşanın biri Anarın “Dantenin yubileyi”dir, Ərşad Ələkbərov hazırlayır. O biri Tofiq Kazımovun yubileyinə həsr edilən Şıxəli Qurbanovun “Sənsiz”idir. Nihad Qulamzadə hazırlayır. O maraqlı rejissordur, 4.4 Teatr festivalında əsas mükafatı qazanıb. Yeni yanaşma olacaq. 3-cü tamaşa Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərinin tamaşasıdır. Onu mən hazırlayacağam, ssenarini də özüm işlədim.

–Yeni dramaturgiyaya da böyük ehtiyac varmı?

–Bu məsələyə bir nəfərin zövqü ilə yanaşmaq düzgün deyil. 44 günlük Vətən müharibəsindən sonra Mədəniyyət Nazirliyi Zəfər mövzusunda müsabiqə elan etdi. 70-dən artıq pyes oxudum, 2-si xoşuma gəldi. Birini gələn ilin repertuarına salacağıq, çox gənc müəllifin əsəridir.

–Baş teatr ölkə sərhədlərini necə aşır? Bu sahədə hansı yeniliklər var?

–Teatr festivallara gedirdi. Nə qazanıb-qazanmaması isə bəzən siyasi məsələ olurdu. Bizə münasibət bu sahədə də özünü göstərirdi. İndi qalib ölkəyik, vəziyyət dəyişib. Hara getsək, artıq alqışlayacaq, yer verəcəklər. Gələn il Sankt-Peterburqa Aleksandriyski teatrına gedəcəyik, onlar da bizim teatrda tamaşalar göstərəcəklər. Mübadilə formasında. Hələ ki, planda budur, qalanını gələcək göstərəcək. Kiçik cığırların açılması böyük yollara aparır.

–Çətin işləri sevirsiniz, həmişə də uğurlu alınır. İnanırıq ki, açdığınız yeni cığır sizi böyük yollara qovuşduracaq.

–Sağ olun, oktyabr, noyabr, dekabr aylarında premyeralarımız var, tamaşaçılar bizi izləsinlər. Məramımız bu teatrı ana teatr statusunda mayak olaraq görməkdir.

Mission News Theme by Compete Themes.