BAYRAQDAR MEDİA – Oktyabrın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar müdafiə naziri tərəfindən müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, dövlət başçısının çıxışlarından irəli gələn mühüm məsələlərin icrasında Azərbaycan Ordusunun üzərinə düşən bütün vəzifələr vaxtında yerinə yetirilməlidir. Müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib. Hava hücumundan müdafiə, kəşfiyyat və əks kəşfiyyat, radioelekron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib. Müşavirədə, həmçinin qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının əhəmiyyəti qeyd edilib”.
Nazir döyüş hazırlığı və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçuların mükafatlandırılması, o cümlədən gənc əsgərlərin adaptasiya prosesinə və digər şəxsi heyətə həssaslıqla yanaşılmasının əhəmiyyətini bildirib.
Müdafiə naziri Qarabağ bölgəsində döyüş texnikası, silah-sursat, xüsusilə mina və əldəqayırma partladıcı vasitələrin müsadirə edilməsi, o cümlədən ərazilərin minalardan təmizlənməsi zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına dair tapşırıqlar verib.
Sonda hərbi qulluqçuların, onların ailə üzvlərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması və qayğılarının həlli istiqamətində görülən tədbirlərlə bağlı məruzələr dinlənilib, ətraflı müzakirələr aparılıb.