Press "Enter" to skip to content

Ölkələri tərəf seçməyə, savaşın bir tərəfi olmağa zorlayırlar

Dr. Yücel Karauz

Son yeniləmə: 9 Oktyabr 2023 09:49

Dr. Yücel Karauz: Bu hadisələr Orta Doğuda regional savaşa və strateji, geosiyasi dəyişikliyə səbəb olacaq

BAYRAQDAR MEDİA – “Öncə onu deyim ki, terror hardan gəlirsə-gəlsin, birmənalı olaraq qəbuledilməzdir. Yəni, günahsız, sadə vətəndaşların raket hücumuna, terror aksiyasına məruz qalmasını, onların yaralanmasını və öldürülməsini şiddətli şəkildə qınayırıq. Bunu bütün dünyaya bəyan edirik ki, istər Ukraynada, istər Gəncədə, istərsə də Qəzzada olsun, biz terroru, onu həyata keçirənləri qətiyyətli şəkildə pisləyirik”.

Bunu HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror hücumundan sonra yaranmış durumu BAYRAQDAR MEDİA-ya üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Məsələyə qısa, orta və uzun müddət prizmasından yanaşmaq lazımdır

Bu, sözügedən terror hücumundan kimin qazanclı çıxması məsələsinə gəlincə türkiyəli general deyib ki, məsələyə qısa, orta və uzun müddət prizmasından yanaşmaq lazımdır: “Qısa müddət baxımından yanaşanda prosesdən HƏMAS və İranın qazanclı çıxdığı kimi görünür. Lakin orta və uzun vədədə qazanclı çıxan İsraillə, ABŞ, həmçinin, silah şirkətləri olacaq. Əgər biz hadisəyə Türkiyə və Azərbaycan baxımından yanaşası olsaq, o zaman İsrailin Vətən savaşı və ondan sonrakı dövrdə Azərbaycana mənəvi, siyasi dəstəyi məlumdur. Türkiyə prizmasına gəlincə, oktyabrın 7-də sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın timsalında ölkəmizin mövqeyi bəyan edildi. Türkiyə tərəfləri sakitliyə, soyuqqanlı olmağa və ağıllı davranmağa dəvət edib”.

Orta Doğuda daşlar yenidən paylanır

Dr. Y.Karauz qeyd edib ki, bu hadisələr Orta Doğuda regional savaşa və strateji, geosiyasi dəyişikliyə səbəb olacaq: “Əslində, bunun ilkin işartıları da bəllidir. Görünən odur ki, Orta Doğuda daşlar yenidən paylanır, köhnə qaydalar tamamilə aradam qalxır. Bu regionda yeni dövrün tələbinə uyğun yeni münasibətlər formalağacaq. Bir sözlə, 1967-ci ildə olduğu kimi, Orta Doğuda yeni bir dönəm başlayacaqdır. Eyni zamanda, hesab edirəm ki, bu savaşın təkcə regional deyil, həm də qlobal təsirləri olacaq. Çünki enerji mənbəyi kimi tanınan Orta Doğuda hər bir nəhəng dövlətin öz maraqları var”.

Bu terror hücumu bir çox sahələrə və dövlətlərarası münasibətlərə öz mənfi təsirini göstərəcək

Müsahibimizin sözlərinə görə, son proseslərdə Üçüncü Dünya müharibəsinin olması üçün dəridən-qabıqdan çıxan bəzi xarici mərkəzlərin də rolu var: “Hesab edirəm ki, Orta Doğuda, Ukraynada, Kosovada və Qafqazda hərbi toqquşmalar üçün müxtəlif oyunlara baş vuran həmin xarici mərkəzlər bu nöqtələrdəki problem sahələrini birləşdirərək, ölkələri tərəf seçməyə, savaşın bir tərəfi olmağa zorlayırlar. Bu da Üçüncü Dünya Müharibəsi üçün rol oynayam məqamlardan biri ola bilər. Ümumiyyətlə, bu terror hücumu bir çox sahələrə və dövlətlərarası münasibətlərə öz mənfi təsirini göstərəcək”.

Mission News Theme by Compete Themes.