Son yeniləmə: 9 Oktyabr 2023 11:25
Cəmşid Zareyi: Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə ümumilkdə türk dünyasının düşmənlərinin belini qırdı
BAYRAQDAR MEDİA – “Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə təkcə işğalçı Ermənistanın deyil, ümumilkdə, türk dünyasının düşmənlərinin belini qırdı. Çünki düşmənlərimiz uzun illər bir tərəfdən işğalçı Ermənistana açıq-gizli dəstək verməklə, işğalın ömrünü uzadır, digər tərəfdən də dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara belə deyək ki, yuxarıdan aşağı baxır, ara-sıra onlara tənə edirdilər. Bu baxımdan bu qələbə biz Güney Azərbaycanlıları da fars-molla rejiminin təmsilçilərinin tənəsindən xilas etdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycanın milli fəalı, hazırda Türkiyədə yaşayan Cəmşid Zareyi deyib.
Azərbaycanlı olduğum üçün fəxr edirəm
Ötən həftə Bakıda səfərdə olan C.Zareyi bu səfərin Azərbaycanın uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonrakı dövrə təsadüf etməsinə görə özünü çox xoşbəxt hiss etdiyini deyib: “Artıq bütün torpaqlarımızda suverenliyimiz bərpa olunub. Azərbaycan qalib ölkədir. Bu günlərdə Bakıda olmaq bir ayrı xoşbəxtlikdir. Azərbaycanlı olduğum üçün fəxr edirəm”.
Fars-molla rejiminin təmsilçiləri artıq nəsə deməyə söz tapmırlar
Müsahibimiz bildirib ki, bu tarixi zəfər Güney Azərbaycan türklərini daha da ruhlandırıb: “Biz əvvəllər hər hansı etiraz aksiyasına əl atanda fars-molla rejiminin təmsilçiləri bizə tənə edir, torpaqlarımızın işğal altında olmasını qabardır, bizi utandırırdılar. Lakin 44 günlük Vətən müharibəsində sonra artıq onlar utanırlar. Fars-molla rejiminin təmsilçiləri artıq nəsə deməyə söz tapmırlar. Çünki onların qarşısında qalib bir xalqın nümayəndələri dayanıb”.
İnşallah bu uğurlardan Güney Azərbaycana da pay düşəcək
C.Zareyi əmin olduğunu bildirib ki, qalib Azərbaycan tez bir zamanda digər sahələrdə də qarşıya qoyulan məqsədlərə nail olacaq: “İnşallah bu uğurlardan bizə də pay düşəcək. Quzey Azərbaycanda əldə edilən hər bir uğur Güney Azərbaycanı daha da mətnləşdirir. Xalqımızı öz haqları uğrunda daha qətiyyətlə mübarizə aparmağa təkan verir”.