Zaur BAYRAMLI ABŞ-dən yazır
BAYRAQDAR MEDİA – Azərbaycanda çıxın küçələrə, “Qarabağ məsələsində hansı ölkə Azərbaycanın yanında oldu” deyə sorğu keçirin, İsrail qardaş Türkiyədən sonra ya ikinci, ya da üçüncü sırada gələcək.
İndi bizə ən ağır zamanlarımızda dəstək çıxan iki-üç ölkədən biri olan İsrailin başı terrorla dərddədir.
Bəli, bəli, məhz terrorla. Həm də İRAN DƏSTƏKLİ ƏRƏB TERRORU İLƏ!
35 ildir erməni terrorizmindən əziyyət çəkən xalq olaraq bu mənzərə bizə çox tanışdır – erməni terrorizminin də arxasında duran ən əsas ölkələrdən biri məhz İRANDIR.
Dostumuz və müttəfiqimiz İsrailin Azərbaycana dəstəyi bir çoxlarının təsəvvür etdikləri kimi sadəcə silah satışı ilə məhdudlaşmır, eyni zamanda bir çox ölkələrin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının Azərbaycana yönəlik mövqeyinin müəyyənləşməsində Amerikadakı yəhudi diasporunun, yəhudi kökənli siyasətçilərin çox böyük rolu var və mən bunlarla bağlı burda açıqlamaq istəmədiyim müəyyən özəl bilgilərə də sahibəm.
Düzdür, Amerikanın Azərbaycana münasibəti çox da ədalətli və ideal deyil. Amma bir də düşünün ki, yuxarıda qeyd etdiyim yəhudi dostlarımızın fəaliyyətləri olmasaydı, bu münasibət nə qədər pis ola bilərdi. 44 günlük zəfərlə sonuclanan savaşımız zamanı Donald Tramp Amerikasının loyal münasibəti hər nə qədər Azərbaycan diplomatiyasının uğuru idisə, bir o qədər də yəhudi dostlarımızın gərgin fəaliyyətlərinin nəticəsi idi.
İndi bu dostlarımızın ağır günlərində sosial şəbəkələrdən gördüyümüz kimi, Azərbaycan xalqının əksəriyyətinin ermənilərin dostu və dəstəkçisi olan Fələstinin, onları təmsil edən İran dəstəkli HƏMAS terror təşkilatının yox, İsrailin yanında yer alması gözəl bir mənzərə olsa da hesab edirəm ki, rəsmi Bakının mövqeyi buna adekvat deyil.
Xarici İşlər Nazirliyimiz qadınların, uşaqların, yaşlıların vəhşicəsinə qətl edilməsini, əsir götürülməsini, işgəncə verilməsini özündə ehtiva edən alçaqca terror hücumuna sanki “nə şiş yansın, nə kabab” məntiqi ilə qısa bir açıqlama verməklə işini bitmiş hesab edir.
Anlayıram, hər nə qədər Ermənistanın dəstəkçisi, dostu və müttəfiqi olsa da, Fələstin “İslam” ölkəsi sayılır və bu səbəbdən mümkün qədər onu incitməmək xətti seçilib. Amma burada söhbət Fələstindən, İsraildən daha çox TERRORDAN gedir və ya getməlidir!
Məlum bəyanat verilərkən hər halda rəsmilərimiz qardaş Türkiyənin də mövqeyini nəzərə alıblar. Lakin biz hər nə qədər strateji müttəfiq və qardaş olsaq belə, iki ayrı müstəqil dövlətik və hesab edirəm ki, ilk növbədə öz milli və dövlət maraqlarımızı ön sıraya qoymalıyıq.
Əslində Türkiyənin də dövlət maraqları onların tarixdə dəfələrlə türkləri xaincəsinə arxadan vuran, “mübarizə” metodu olaraq terroru seçən ərəblərin yox, Türkiyəyə heç bir təhdid təşkil etməyən, güclü texnologiyaya, təsirli diaspora sahib olan İsrailin yanında olmağı tələb etsə də “NeoOsmanlıçılıq” eyforiyası, heç vaxt reallaşmayacaq “İslam dünyasının lideri” olmaq xülyası buna əngəl olur.
Bütün hallarda biz Türkiyənin qardaşıyıq, vassalı yox və buna görə də bu cür çətin günlərdə vəfa və etibarı ön plana çıxarmalıyıq deyə düşünürəm. Bir şeyi də unutmayaq ki, “Mavi Marmara” olayından sonra hər nə qədər Türkiyə ilə İsrailin münasibətləri zəifləsə, diplomatik münasibətlər minimuma endirilsə də həmin illərdə belə Türkiyə ilə İsrailin alt qatlarda davam edən DƏRİN İLİŞKİLƏRİ vardı ki, bunlar haqqında burda yazmaq istəmirəm.
İsrail-Fələstin münaqişəsinə ümumi yanaşmada bəlkə də “nə şiş yansın, nə kabab” anlayışından istifadə edə bilərik. Amma söhbət TERRORDAN getdiyi zaman, onu törədənin kimliyindən asılı olmayaraq bu mənfur akt çox sərt şəkildə qınanmalı, terrora məruz qalan tərəfə yardım əli uzadılmalıdır!!!
Bu arada, İran dəstəkli HƏMAS və Hizbullah terrorçularının bu və ümumiyyətlə son dövrlərdəki cəsarətlərində mənim hal-hazırda yaşadığım ABŞ-ın, konkret olaraq Co Bayden yönətiminin də “payı” az deyil.
Həm xarici siyasətləri, həm də daxili siyasətləri ilə Amerikanı bataqlığa sürükləyən “demokrat”lar İranın bloklanmış pullarının xeyli hissəsini fars-molla rejiminə geri qaytardılar. Bundan başqa, keçən həftələrdə İran həbsxanalarında saxlanılan bir neçə İran doğumlu Amerika vətəndaşını azad etmək müqabilində Amerikanın fars-molla rejiminə yenə yüklü miqdarda pullar verdiyi deyilir.
Təbii ki, İran Ortadoğuda (Yaxın Şərq) terroru maliyyələşdirən və bölgənin qan çanağına çevrilməsində maraqlı olan bir ölkə olaraq bu pulları HƏMAS, Hizbullah, Haşti-Şabi kimi öz əlaltısı olan terror təşkilatlarına yönəldir və nəticə göz qabağındadır: bir günün içində yüzlərlə məsum mülki İsrailli həyatını itirdi, mindən çox yaralı və yüzlərlə əsir. Sosial mediada yayılan görüntülərdə HƏMAS terrorçularının əsirlərlə necə vəhşicəsinə davrandıqlarını sözlə ifadə etmək mümkün deyil. O görüntülərdən sadəcə birini paylaşdığım üçün Facebook sosial media platforması mənim hesabımı bir həftəliyinə blok etdi. Bu kiçik faktın özü belə onların etdikləri vəhşiliklərin hansı boyutda olduğunu göstərir.
Son olaraq demək istəyirəm ki, Azərbaycan güclü dövlətdir. Xüsusilə xarici siyasətdə heç bir kənar təsirə boyun əymədiyini dəfələrlə ortaya qoyub. Biz həm də vəfalı xalqıq – dar günümüzdə yanımızda olanları bir ömür boyunca unutmarıq.
Millət olaraq MƏSƏLƏLƏRİMİZ də hələ bitməyib – Qarabağ məsələsini layiq olduğumuz bir şəkildə – ZƏFƏRLƏ sonuclandırdıq, amma bizim irəlidə daha böyük məsələmiz – GÜNEY AZƏRBAYCAN var. Hər kəsi əmin edirəm ki, Güney Azərbaycan məsələsində də Fələstin Qarabağ məsələsində erməninin yanında yer aldığı kimi FARSIN YANINDA YER ALACAQ, İsrail isə YENƏ DƏ BİZİM YANIMIZDA YER ALACAQ.
Böyük boşnak lideri Aliya İzzetbegoviçin dediyi kimi “…və bir gün hər şey bitdiyində xatırlayacağımız şey düşmənlərimizin sözləri deyil, dostlarımızın səssizliyi olacaq”.
Dostlarımızın faciəsinə SƏSSİZ QALMAYAQ!