Press "Enter" to skip to content

Selə qarşı mübarizə tədbirləri

Tədbirlər davam edir

BAYRAQDAR MEDİA – Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisindən axan çaylarda selə qarşı mübarizə tədbirləri ilə əlaqədar çay yataqlarının, suvarma kanalların lildən təmizlənməsi və sahilbərkitmə işlərinin görülməsi davam edir. İşlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2023 – cü il üçün təsdiqlənmiş istismar tədbirləri planına uyğun olaraq aparılır.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, ilin əvvəlindən Muxax çay sistemi üzrə 287 min kubmetr, Tala çayda 272, Bəkməz çayda 64 min, Micqar çayda 17 min, Qara çayda isə 7 min kubmetr məcra təmizləmə həyata keçirilib. Ümumilikdə Zaqatala rayonu ərazisindən axan çaylarda 647 min kubmetrdən artıq iş görülüb: “Tala çayın sol sahilində Meşleş kənd avtomobil körpüsünü mühafizə edən 1 ədəd, Muxax çayın sağ sahilində Yuxarı Çardaxlar kəndini mühafizə edən 1 ədəd daş-beton bənd təmir edilib. Ümumi olaraq 235,2 kubmetr daş-beton bəndlərin təmiri həyata keçirilib. Hazırda idarə tərəfindən bütün çay sistemlərində bu işlər davam edir”.

Bildirilib ki, “Zaqatala Suvarma Sistemləri İdarəsi selə qarşı mübarizə tədbirləri ilə bərabər suvarma suyunun əkin sahələrinə itkisiz olaraq çatdırılması vəzifəsini də həyata keçirir. Bu il suvarma kanallarında 228 min kubmetr lildən təmizlənmə işləri görülüb və suyun maneəsiz axını təmin olunub. Bundan başqa mənbəyi Muxax çaydan götürülən Zəyəm arx suvarma kanalının 90 paqonometr hissəsinin beton üzlüyə alınması, Pərzivan suvarma kanalının 40 paqonometrinin beton üzlüyə alınması da yerinə yetirilib”.

Mission News Theme by Compete Themes.