BAYRAQDAR MEDİA – “Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə” həsr olunmuş “Əczaçılıq Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əczaçılar Günü ərəfəsində Respublika Əczaçılarının 3-cü Konfransı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirdə Milli Məclis, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Tarif Şurası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, əczaçılıq şirkətlərinin nümayəndələri iştirak ediblər. Konfransda əczaçılıq sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib. Səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxış edərək səhiyyə sahəsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu qeyd edib”.
Tədbirdə həmçinin, Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini, Tibb Universitetinin prorektoru, əczaçılıq üzrə yerli distribyutor şirkətlərin nümayəndələri və iş adamları da fikirlərini bölüşüblər. Bundan sonra Konfrans Panel iclaslarla işinə davam edib. Tədbirin 1-ci Paneli “Elektron resept” və “Qiymət siyasəti”, 2-ci Paneli “Yerli dərman istehsalı biznesinin inkişafı”na həsr olunub.
“Elektron resept” panel iclasında çıxış edən Səhiyyə Nazirliyi “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” Publik Hüquqi şəxsin baş direktoru Cəbrayıl Əsədzadə qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən hazırlanan və tətbiq edilən vahid elektron resept sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır.
Müzakirələr və maraqlı təkliflərlə davam edən konfrans işinə yekun vurub.