BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında Prof. Misir Mərdanov və Prof. Ədalət Tahirzadənin müəllifi olduqları “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” (Ensiklopedik soraq kitabı) kitabı da var.
Nəşrin annotasiyasında qeyd olunur: “Çar hakimiyyəti müsəlmanların, o sıradan Azərbaycan türklərinin ali təhsil almasına hər vasitə ilə əngəl törədir, hətta bəzi ali məktəblərə qəbul olunmaq üçün şəxsən çarın özü onlara icazə verirdi. Buna baxmayaraq azərbaycanlıların savadlanmaq eşqi bütün maneələri aşdı və soydaşlarımız Rusiya imperiyası müsəlmanları içərisində sayca ən çox ali təhsilliyə malik oldu. Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsillimiz olub. Bu kitab həmin iddianın puç və yalan olduğunu ifşa edir. Müəlliflərin Bakıdan başqa Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis… kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli araşdırmalardan sonra gətirdikləri zəngin bəlgələr, sənədlər əsasında qələmə alınmış bu kitabda çar, Cümhuriyyət və sovet dönəmində nəşr olunmuş çoxlu qəzet-jurnal materialları da ilk dəfə elmi dövriyyəyə cəlb edilib və nəticədə 1920-ci ilədək əsasən Rusiya və Avropanın ali məktəblərində oxumuş 600-dən artıq soydaşımız haqqında ən dəqiq və geniş ensiklopedik-sorğu bilgi bankı yaradılıb”.
Bildirək ki, kitabda Azərbaycan Cümhuriyyətinin (1918-1920) ali təhsilli bütün azərbaycanlı dövlət adamlarının sənədli tərcümeyi-halı ilk dəfə toplu halında ictimaiyyətə təqdim edilir. Həmçinin əsər bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub.
Qeyd edək ki, nəşrin elmi redaktoru Prof. Yaqub Mahmudov, naşiri isə “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin baş direktoru Tural Axundovdur.