BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi, Tibb Universiteti, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi və Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılığı ilə 6 oktyabrda Naftalanda “İnsultun reabilitasiyası və Elektrostimulyasiya üzrə I regional təlim” keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “təlimin məqsədi insultlu xəstələrin reabilitasiyasının təşkili, bu sahədə olan elmi və yeniliklərin praktik həkimlərə çatdırılması olub. Problemin müxtəlif sahələrinə həsr olunmuş məruzələr təqdim olunub. Tədbirdə insultlu xəstələrdə udma pozuntularının müalicəsi haqqında Avropada təlim keçmiş həkimlər öz biliklərini paylaşıblar. Eyni zamanda, insultlu xəstələrin reabilitasiyasında mühüm yer tutan elektrostimulyasiya növləri ilə bağlı təlimlər keçirilib”.
Sonra xəbərdə, “təlimdə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi, kurortologiya və reabilitasiya üzrə kurator Nigar Nəzərli təlimin rəsmi açılışında konfrans iştirakçılarını salamlayaraq, son zamanlar diqqətdə olan kurortologiya və reabilitasiyanın təşkili ilə bağlı fikirlərini bölüşüb. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, Prof. Sədaqət Hüseynova konfrans qonaqları və iştirakçılarını salamlayaraq öncə təlimin mahiyyəti haqqında məlumat verib. Daha sonra “İnsultlu xəstələrin müalicəsində müasir yanaşmalar” mövzusu ilə çıxış edib”.
Təlimə Azərbaycanın müxtəlif bölgələrindən həkimlər (nevroloq, reabilitoloq, fizioterapevtlər, ailə həkimləri, orta tibb işçiləri) qatılıblar. İştirakçılar sertifikatlar, davamlı tibbi təhsil (DTT) kredit balları ilə təltif olunublar.