BAYRAQDAR MEDİA – Bolqarıstanda növbəti siyasi gərginlik baş qaldırıb.
Radio Bolqarıstan xəbər verir kİ, müxalif “Vizrajdane”, “BSP for Bolqarıstan” və “İma takv narod” partiyaları Nikolay Denkovun rəhbərlik etdiyi hökumətə qarşı ilk etimadsızlıq səsverməsinin keçirilməsi üçün parlamentin reyestrinə öz sorğularını təqdim ediblər.
Məlumata əsasən, “Denkov-Qabriel” kabinetinə qarşı etimadsızlıq səsverməsi ilə bağlı ilk sorğu enerji siyasətinin tənqidlərə tuş gəlməsinə görə verilib: “Hər üç siyasi qurum iqtidardakıların hərəkətlərinin enerji sahəsini iflasa doğru apardığı qənaətindədir. Parlamentin reqlamentinə görə, etimadsızlıq səsverməsi ilə bağlı müzakirələr təklifin verildiyi gündən ən tez üç gün, ən geci isə yeddi gün müddətində başlamalıdır. Səsvermə müzakirələr bitdikdən sonra 24 saat ərzində edilə bilər”.
O da vurğulanır ki, təklifi irəli sürənlər parlamentin yerli seçkilərlə əlaqədar tətilə buraxılması planlaşdırıldığından növbədənkənar sessiyanın keçirilməsində israrlı olacaqlar: “Üç partiyanın ümumilikdə 71 səsi var ki, bu da etimadsızlıq səsverməsindən keçmək üçün kifayət etməyəcək. “Vızrajdane” lideri Kostadin Kostadinov deyib: “Biz realistik və bu etimadsızlıq səsverməsinin şansının sıfır olduğunu bilirik”. GERB sədri Boyko Borisov isə qeyd edib ki, onun partiyası hazırkı hökuməti devirəcək güc olmayacaq”.