BAYRAQDAR MEDİA – Bilmirəm, bəlkə də hamıda elədir. Yaxud da hər kəsin bu məsələylə bağlı öz hekayəti var. Məndə belədir ki, bu günə kimi şəxsimə dərs demiş heç bir müəllimdən incikliyim olmayıb. Hətta bəzən bunun üçün əsaslar olsa da…
Birinci sinfə 1976-cı ilin 1 sentyabrında getmişəm. Halbuki 1968-ci ilin avqustunda anadan olduğum üçün 1975-ci ildə artıq 1-ci sinifdə oxumalıydım.
Alınmamışdı. Səbəb də yaxşı idi. Amma bir il geri düşmüşdüm.
Yadımdadır, atam məni Bakıda musiqi məktəbinə göndərmək qərarına gəlmişdi. 1975-ci ilin yayında sənədlərim toplandı, uşaq ağlımda qalanlardan bilirəm ki, nəsə hərəkət elədilər. Bakıya gəliş-gedişlər oldu.
1975-ci ilin 1 sentyabrında dərslər başlayanda mən nə Bakıda, nə də Dədəlidə məktəbə gedə bilmədim. Ümid vardı ki, Bakıda musiqi məktəbində oxuyacağam. Ona görə də Dədəli məktəbinə getmədim.
Amma sonra nə oldusa Bakıda oxumağım baş tutmadı. Dədəli üçünsə xeyli gecikmişdim deyə məktəbə almadılar. Beləcə düz bir ilimi yelə verdim.
Əslində yelə vermədim. Evdə mənimlə məşğul oldular, yazıb-oxumağı, ibtidai hesabı öyrəndim…
1976-cı ilin 1 sentyabrında 1-ci sinfə gedəndə artıq həm hərfləri tanıyırdım, həm də ədədləri. Yəni 1-ci sinif müəllimimin mənimlə ayrıca məşğul olmasına gərək qalmırdı…
İlk müəllimim elə özümüzünkü idi – Şaməddin (Şahməddin) müəllim (əmoğlu). Hündürboylu, düz qamətli və çox da yaşlı bir kişi idi. Bu günə kimi gözümün önündədir o obraz. Gözəl insan, gözəl müəllimdi. Uşaqlara öz doğma balası kimi yanaşar, hər birinə ayrıca diqqət göstərərdi.
O da yadımdadır ki, bizim orta məktəbin əsas binasında yer olmadığı üçün (o vaxt şagird sayı indikindən ən azı üç dəfə çox olardı) ibtidailərə dərsi başqa bir binada keçirdilər. Poçtun binasının bir hissəsi idi ora.
Beləcə bir il gecikməylə 1-ci sinfi əlaçı olaraq bitirdim. Məktəbi də çox sevdim. Elə oxumağı da. Həyat gözəl idi. İrəli baxırdım, uşaq ağlımla xəyallar qururdum. Amma o xəyalların heç birində bu gün gəldiyim məqam yox idi.
Nə də olmasa Dədəlidən başqa heç yeri görməmiş balaca bir uşaq olaraq nə xəyal edə bilərdim ki? Üstəlik də totalitar Sovet dövlətində…
Sonra böyüdüm. Fərqləndim. Dərs əlaçısı, fəal şagirdlərdən oldum. İdmana könül verdim. Çoxlu bədii ədəbiyyat oxudum. Öz davranışımla da fərqləndim. Özəlliklə də xanım müəllimlərimə olduqca həssas və hörmətlə yanaşdım.
Müəllimlərimə, məktəbə sayğım daim qarşılıq da gördü o illərdə. İndinin özündə də müəllimlərimlə aramızda böyük-kiçiklik yerində olmaqla gözəl münasibətlərim var.
Və sona doğru – 9-cu sinifdə bir az həddimi aşdım. Dərslərimə biganəlik, aşıb-daşan yeniyetməlik məni başqa səmtə çəkməyə başladı. Deyilənə görə hamıda belə olurmuş. O anda kimsə səni xilas etdisə, qurtuldun demək…
Məni də xilas etdilər. Məktəbin direktoru Səfərbəy müəllim gerçək bir pedaqoq yanaşması ilə bataqlığa sürüklənən bir şagirdi – yəni məni çəkib doğru yola çıxardı. Bəli, məhz onun anında müdaxiləsi ilə əvvəlki Azər yenidən dərs əlaçısı, nizamlı şagird oldu…
Nəticə?
Nəticə də odur ki, uşaqkən xəyal belə edə bilmədiyim bir yerə gəlib çıxmışam. 55 yaşım təzə tamam olub. Kanadadan Koreyaya, Afrikada Seneqala qədər dünyanı gəzmişəm. Əməkdar jurnalist, ictimai fəal insanam. Dövlətimizin ən ümdə məsələlərində öz sözü, öz yeri olan birisiyəm (ayrıntılara varmıram).
Nəyin və ya kimin sayəsində?
Əlbəttə, hər şeydən öncə atamla anamın, ailəmin, sonra da müəllimlərimin, məktəbimin sayəsində!
Bu qısa xatirələri bu günlə – 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü ilə bağlı qələmə aldım. Əslində, çox sevdiyim, dəyər verdiyim müəllimləri təbrik etmək istəyirdim. Bir anda keçmişə döndüm, müəllimlərimi xatırladım, hər kəsdən öncə onları təbrik etmək keçdi könlümdən.
Burada adları çəkilənlər haqq dünyasındadır. Amma yenə də bizim qəlbimizdə özünəməxsus bir guşədə yerləri qalmaqdadır. Onların nəinki dirisinə, ölüsünə də təbrik düşür. Çünki əsl müəllim idilər onlar…
Dünyasını dəyişmiş, həyatda olan müəllimlərim başda olmaqla bütün müəllimləri təbrik edirəm. Siz cəmiyyətin aynası, işığı, mayakısınız. Siz bizə yol göstərməsəniz, bizi doğru yola çəkməsəniz, cəmiyyətimiz batar, yox olar. Nə yaxşı ki, varsınız, əziz müəllimlər!
Sonda: Uşaqkən deyərdim ki, yekələndə müəllimə ilə evlənəcəyəm. Sonra bu sözümü unutmuşdum. Amma tale elə gətirdi ki, uşaqlıq arzum çin oldu. İndi biz də müəllim ailəsiyik. Ailəmizin xanımı Əməkdar müəllim, məktəb direktorudur. Xanımım Almaz Həsrət həm də adını – peşə ləyaqətini doğruldan təcrübəli bir pedaqoqdur. Onun şəxsində bütün müəllimləri təbrik edirəm.
Lap sonda: İndi gənc olub həyat yolumu qurmaq haqqında düşünsəydim, heç tərəddüd etmədən müəllimliyi seçərdim.