Son yeniləmə: 5 Oktyabr 2023 17:49
BAYRAQDAR MEDİA – Qazaxıstan və Azərbaycan beynəlxalq arenada uğurla əməkdaşlıq edirlər. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət Məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşündə deyilib.
Səfirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüşdə sürətlənən ikitərəfli əməkdaşlıq templəri məmnunluqla qeyd olunub: “Tərəflər həmçinin regional və beynəlxalq gündəmdə duran aktual məsələləri müzakirə ediblər. Xüsusi diqqət nəqliyyat-logistika əməkdaşlığı və kommunikasiya mövzularına yetirilib. Eyni zamanda, 3 noyabr 2023-cü il tarixində Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə Görüşünün önəmi vurğulanıb”.
Məlumata görə, Azərbaycan Prezidentinin köməkçisi qardaş Qazaxıstana dəstəyinə və ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, regional məsələlərin həlli ilə bağlı konstruktiv yanaşmasına görə təşəkkürünü bildirib: “Öz növbəsində, Səfir A. Bayel Qazaxıstanın regionda sülh və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olduğunu qeyd edib. Tərəflər “saatların yoxlanılması” məqsədilə mövcud olan müntəzəm görüşlərin keçirilməsi praktikasını davam etdirmək razılığına gəliblər”.