BAYRAQDAR MEDİA – Oktyabrın 24-ü saat 19:00-da Heydər Əliyev Sarayında bəstəkar Fikrət Əmirovun 2 pərdəli “Min bir gecə” baleti nümayiş olunacaq.
Bu haqda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, ““Min bir gecə” baleti dərin fəlsəfi tamaşadır. Balet, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir. F.Əmirov baletinin əsas qayəsini qədim tarixə malik olan “Min bir gecə” nağılları, qəddar Şəhriyar və müdrik Şəhrizadə, Şərq qadınının zəkası, igidliyi və xeyirxahlığı, bütün bu cəhətlərin gücü ilə qalibiyyətə nail olması təşkil edir. Baltedə bir çox münaqişələr, təzadlıq məqamlar baş verir. Tamaşanın emosional palitrası çox zəngindir. Burada qəddarlıq və zəriflik, nifrət və məhəbbət, ölüm və şənlik qarşılaşır”.
Qeyd edək ki, Fikrət Əmirov milli balet sənətinin ən dəyərli nümunələrindən biri olan “Min bir gecə” baletini 1979-cu ildə yazıb. Baletin librettosu qədim şərq nağıllarının motivləri əsasında görkəmli yazıçılar Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən qələmə alınıb. Tamaşanın quruluşunu verən Əməkdar incəsənət xadimi Nailə Nəzirova, tamaşanın rəssamı SSRİ Xalq rəssamı Toğrul Nərimanbəyov, geyim üzrə rəssamı isə Əməkdar rəssam Tahir Tahirovdur.