BAYRAQDAR MEDİA – Oktyabrın 4-də elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “görüş zamanı ETN ilə ICESCO arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib. E.Əmrullayev ICESCO ilə əməkdaşlıq çərçivəsində tələbə mübadiləsi proqramlarının təsis edilməsinin əhəmiyyətini vurğulayıb, üzv dövlətlərin milli-mənəvi dəyərlərinin təbliğ edilməsində bu proqramların mühüm rola malik olduğunu diqqətə çatdırıb”.
Görüş zamanı Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar burada şagirdlər üçün olimpiada və incəsənət festivallarının keçirilməsi də müzakirə olunub. Bununla yanaşı, E.Əmrullayev Azərbaycanın STEAM əsaslı tədrisə keçid prosesindən bəhs edib, bu təcrübənin təşkilata üzv dövlətlərlə bölüşülə biləcəyini vurğulayıb.