BAYRAQDAR MEDİA – Oktyabrın 3-də Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılış mərasimi olub.
Bu haqda sözügedən Agentliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “açılış mərasimində çıxış edən MEDİA-nin icraçı direktoru Əhməd İsmayılov media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşmasına, oxucuların marağını cəlb etmək və oxucu kütləsini saxlamaq üçün effektiv kontent və marketinq strategiyaları formalaşdırmasına zərurət yarandığını vurğulayıb. O bildirib ki, layihə çərçivəsində təşkil ediləcək təlim müddətində tanınmış mütəxəssislər rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri, diqqət cəlb edən başlıqların formalaşdırılması, xəbərin cəlbedici təqdim olunmasından sonra göstəricilərin ölçülməsi, multimedia və interaktiv elementlərdən istifadə, rəqəmsal mənbələrdən əldə edilən datanın analizi, dataya əsaslanan məzmun strategiyalarının tətbiqi, sosial mediada güclü brendin yaradılması, veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması, fərdiləşdirmə və individuallaşdırmanın həyata keçirilməsi barədə maraqlı məlumatlar verəcək, diskussiyalar aparacaqlar”.
Tədbirdə çıxış edən “Albayrak” Media Qrupunun tərkibindəki “GZT” rəqəmsal platformasının baş redaktoru Doğukan Gezer layihənin müvafiq sahədə fəaliyyət göstərən media nümayəndələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda sahə üzrə mütəxəssislər, məzmun yaradıcıları, redaktorların iştirakı ilə onlayn medianın inkişafına dair qarşılıqlı fikir mübadiləsi və şəbəkələşmə imkanlarının yaradılması baxımından əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması, bununla da xəbər saytlarının oxucu kütləsinin əhatə dairəsinin genişləndirilməsi, bu istiqamətdə mövcud alət və strategiyaların effektiv tətbiqinin stimullaşdırılmasıdır. Lahiyənin iki gün müddətində, ümumilikdə 50 xəbər saytının 100-ə yaxın əməkdaşının, həmçinin bir sıra ali təhsil müəssisələri və qurumlardan olan qonaqların iştirakı ilə həyata keçirilməsi planlaşdırılır.