BAYRAQDAR MEDİA – Mediada xəbər yayılıb ki, Prezident İlham Əliyev oktyabrın 5-də İspaniyanın Granada şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə iştirakdan imtina edib. Səbəb kimi də bu görüşdə iştirak edəcək üçüncü tərəflərin özünü uyğun şəkildə aparmaması göstərilir.
Konkret olaraq bildirək ki, söhbət Fransa Prezidenti Emmanuel Makron və Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişeldən gedir. Bu iki siyasi xadim vasitəçi qismində çıxış etmək istədikləri məsələ ilə bağlı elə bu günlərdə də tək tərəfli, əsassız fikirlər səsləndirməklə neytral mövqe nümayiş etdirə bilməyəcəklərini göstəriblər.
Eyni zamanda daha bir iştirakçı – Almaniyanın kansleri Olaf Şults da bu görüşdə olmalı idi. Amma təəssüf ki, onun ölkəsi də xarici işlər nazirinin dilindən Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə neytral olmadığını sərgiləyib. Belə bir şəraitdə Azərbaycan dövləti təbii ki, o görüşdə iştirak etməməli idi və verilən qərar alqışlanmalıdır.
Əlavə olaraq belə bir məlumat da yayılıb ki, Prezident İlham Əliyev həmin görüşdə qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğanın iştirakını təmin etməklə balans yaratmaq istəyib. Lakin erməni yanlısı olan tərəflər buna razı olmayıblar. Onların bu davranışı da işi o yerə çatdırıb ki, Azərbaycan ümumiyyətlə bu vasitəçilərin iştirak edəcəyi hər hansı görüşü mümkün saymır. Yalnız o bildirilir ki, gələcəkdə Ş.Mişelin təşəbbüs və iştirakı ilə üçtərəfli görüş keçirilə bilər.
Ən doğrusu da budur. Azərbaycan özünə hörmət edən bir dövlət olaraq belə tərəfli və qərəzli liderlərlə bir masa arxasında oturmamalıdır. Özəlliklə də Fransa bizim Ermənistanla münasibətlərimizin tənzimlənməsinə heç bir şəkildə cəlb edilməməlidir. Çünki bu dövlət və hətta onun şəhər rəhbərləri belə açıq cəbhədə Azərbaycana qarşı olduqlarını nümayiş etdirirlər. Belə olan halda biz niyə onları vasitəçi olaraq aramıza almalıyıq?
Ümumiyyətlə isə düşünürük ki, bundan sonrakı mərhələdə Azərbaycan Ermənistanla birbaşa danışıqlara üstünlük verməlidir. Prezident İlham Əliyev Nikol Paşinyanla lap elə Tiflisdə və ya Ankarada görüşə bilər. Niyə də yox? Biz niyə özümüzə aid olan məsələləri fransızlarla, almanlarla, avropalılarla müzakirə etməliyik?
Ermənistan Baş naziri də özündə cəsarət tapıb vasitəçilərsiz görüşə hazır olmalıdır. Belə olacağı təqdirdə iki dövlət arasında anlaşma sürətlənmiş olacaq və artıq çoxdan gözlənilən dinc quruculuq mərhələsi və mehriban qonşuluq münasibətləri başlayacaq.
Bir sözlə, Azərbaycan Prezidentinin sözügedən beşli formatda keçiriləcək görüşdən imtinası ən doğru qərardır. Biz uduzmuş tərəf deyilik ki, kimlərinsə şərtləri çərçivəsində oynayaq. Qalibik, şərtləri də özümüz diktə edəcəyik!