Son yeniləmə: 4 Oktyabr 2023 20:39
BAYRAQDAR MEDİA – Dövlətin dəstəyi ilə sosial cəhətdən həssas şəxslərə və aztəminatlı ailələrə kiçik biznes mühitinin yaradılmasına, dayanıqlı və gəlir gətirən iş yerlərinin açılmasına səbəb olan özünüməşğulluq proqramının həyata keçmə mexanizmləri ilə bağlı Azərbaycanda güclü hüquqi baza mövcuddur.
Özünüməşğulluq proqramı Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15-ci maddəsində qeyd olunduğu kimi, özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Qanunun 24-cü maddəsi isə bütünlüklə özünüməşğulluğa kömək göstərilməsi barəsindədir. Əhalinin, xüsusilə həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunması əmək bazarının davamlı islahatlar aparılan sahəsidir.
Bu gün kişilərlə bərabər qadınlar da demək olar ki, cəmiyyətin bütün sferalarında təmsil olunurlar. Amma bununla bərabər statistikaya nəzər saldıqda görürük ki, dövlətin və biznesin idarə olunmasında, qərar qəbul etmədə və kiçik və orta sahibkarlıq subyektləri arasında hələ də qadınların təmsilçilik faizi qənaətbəxş deyil.
Bu kimi nəticələrin əsas səbəblərindən biri də qadınların belə proqramlardan məlumatsız olmaları, informasiya imkanlarının az olması hallarıdır.
Deyilən problemləri nəzərə alaraq, “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadınlar özünüməşğulluq proqramında: öyrənək və öyrədək” adlı tədbirlərin təşkili layihəsini icra edir.
Təşkilatın sədri Xanım Əhmədzadə keçirilən tədbirlər haqqında məlumat verərək bildirib ki, icra müddəti 3 ay olan layihə 01 avqust 2023-cü ildən başlayıb. Maarifləndirmə tədbirləri Bakı və Bakıətrafı kəndlərdə yaşayan benefisiarlar üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunmasına yardım göstərmək məqsədi ilə maarifləndirmə tədbirlərinin keçirilməsidir. Bakının Xətai, Suraxanı, Nizamı, Sabunçu rayonlarında keçirilən tədbirlərdə Balaxanı, Əmircan, Bülbülə, Kürdəxanı, Maştağa, Pirşağı və digər kəndlərin sakinləri fəal iştirak ediblər. Benefisiarlar həm özünüməşğulluq proqramı haqqında geniş məlumat alıblar, həm də proqrama qoşulmaq və kiçik bizneslərini idarə etmək qaydalarını öyrəniblər. Tədbirlər zamanı iştirakçılara özünüməşğulluq sahəsində dövlətin strategiyası, siyasəti, işsizliklə mübarizə sisteminin əsasları, normativ hüquqi bazası barədə də informasiya verilib.