Son yeniləmə: 4 Oktyabr 2023 16:58
BAYRAQDAR MEDİA – “Mən burdayam, ilahi!” tammetrajlı bədii filminin premyerası Park Cinema FlameTowers filialında olub. İkinci Qarabağ müharibəsinin üçüncü ildönümündə tamaşaçıların ixtiyarına verilən filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşovdur.
BAYRAQDAR MEDİA-ya veilən məlumatda deyilir ki, “rejissor Q.Əsgərovun sözlərinə görə, real hadisələr əsasında çəkilmiş filmin əsas mövzusu müharibənin insan həyatına vurduğu mənəvi-psixoloji zərbələrdir. Süjetdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların həyata müqaviməti ön plana çəkilir. Üç aydan sonra komadan ayılan Vətən müharibəsi iştirakçısı, anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. İndi o, övladına sahib çıxa bilmək üçün həyatını qaydasına salmağa çalışır”.
Məlumatda o da bildirilir ki, “CİNEART GROUP” kino şirkəti tərəfindən istehsal olunan filmin aktyor heyətində Rasim Cəfər, Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alıb. Filmdə Co-Production kimi “Ultra Production” kino şirkəti çıxış edir. Filmin prodüseri Həsən Axundov, Nicat Dadaşov, operatoru Vasif Vəlizadə, bəstəkarı Rasim Məmmədovdur. “Mən burdayam, ilahi!” bədii filminin baş sponsoru “İctimai TV”dir. Filmə maliyyə dəstəyi göstərənlərdən biri də “Animed” əczaçılıq şirkətidir. Xatırladaq ki, “Mən burdayam, ilahi!” bədii filmi 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Ən yaxşı prodüser işi” (Nicat Dadaşov və Həsən Axundov) kateqoriyasında ənənəvi illik mükafatına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən filmə informasiya dəstəyi və maliyyə dəstəyi də göstərib”.