Son yeniləmə: 3 Oktyabr 2023 11:10
Telman Nüsrətoğlu: Beynəlxalq Türkiyə Məzunlarının Azərbaycan Forumu həm Azərbaycanın daha geniş şəkildə tanıdılması, həm də ölkə həqiqətlərinin beynəlxalq birliyə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi
BAYRAQDAR MEDİA – “İlk dəfədir ki, Türkiyə xaricində belə bir beynəlxalq forum keçirilirdi. Sevindirici haldır ki, ilk dəfə Türkiyədən kənarda baş tutan və dünyanın 30 ölkəsində fəaliyyət göstərən 34 Türkiyə Məzunu Dərnəyinin təmsilçilərinin qatıldığı bu tədbir məhz Azərbaycanda keçirildi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyə Məzunları İş Adamları və Ziyalılar Platfotmunun rəhbəri Telman Nüsrətoğlu deyib.
Xatırladaq ki, sentyarın 30-da Bakıda Beynəlxalq Türkiyə Məzunlarının Azərbaycan Forumu keçirilib. Dünyanın 30 ölkəsində fəaliyyət göstərən 34 Türkiyə Məzunu Dərnəyi təmsilçilərinin də qatıldığı forumda öncə Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni oxunub.
Sonra tədbirin açılışında qardaş Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Eren, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş nazirinin müavini Fikret Ataoğlu, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Türkiyə Məzunları İş Adamları və Ziyalılar Platfotmunun rəhbəri Telman Nüsrətoğlu çıxış ediblər.
Türkiyə məzunlarının bu toplantısı xüsusi önəm kəsb edirdi
T.Nüsrətoğlu BAYRAQDAR MEDİA-ya açıqlamasında bildirib ki, Monqolustandan Güney Afrikaya qədər geniş coğrafiyanı təmsil edən Türkiyə məzunlarının bu toplantısı xüsusi önəm kəsb edirdi: “Bunun birinci əhəmiyyəti ondan ibarətdir ki, tədbirin ilk günü “Türkiyə məzunları qlobal sistemin gələcəyini Azərbaycanda müzakirə edir” başlıqlı beynəlxalq panel təşkil edildi. Həmin paneldə Azərbaycanın elm adamları ilə birlikdə dünyanın fərqli ölkələrindən gələn Türkiyə məzunları da çıxış etdilər. Forum çərçivəsində keçirilən ikinci panel isə “Azərbaycan qlobal sistemin yeni bir aktoru” mövzusuna həsr edildi. Bu paneldə Azərbaycanın multikultural ənənələri, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılmasında yeri və rolu, Azərbaycan-Türkiyə münasibətləri geniş şəkildə təhlil edildi. Bu isə növbəti dəfə beynəlxalq aləmin diqqətinin Azərbaycana yönəlməsi demək idi”.
Müsahibimiz qeyd edib ki, panellərdən sonra Azərbaycandan 500-dən çox Türkiyə məzununun, həmçinin, dövlət və hökumət rəsmilərinin, millət vəkillərini iştirakı ilə mükafatlandırma mərasimi olub: “Bu mərasim zamanı ayrı-ayrı sahələrdə uğur qazanan, dövlətə, xalqa, Türkiyə-Azərbaycan qardaşlığına töhfə verən Türkiyə məzunu azərbaycanlı şəxslər Türkiyə dövlətinin mükafatına layiq görüldülər. Onu da qeyd edim ki, Türkiyə, Azərbaycan və KKTC-dən ən yüksək səviyyədə rəsmilər bu tədbirə qatıldılar. Bu isə tədbirin necə bir əhəmiyyət kəsb etdiyi haqqında fikir formalaşdırmağa imkan verir”.
Onlar Azərbaycandan xoş təəssüratlarla ayrıldılar
Bildirilib ki, Türkiyədən YTB, Azərbaycandan isə Türkiyə Məzunları İş Adamları və Ziyalılar Platfotmunun təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində həm də Bakının tarixi və gəzməli yerləri ilə tanışlıq olub: “Dünyanın müxtəlif yerlərindən gələn qonaqlar Bakının görməli yerləri, tarixi məkanları ilə tanış oldular. Deyə bilərəm ki, bu tanışlıq mühüm effekt verdi. Hər halda onların bu tanışlıq çərçivəsində verdikləri açılqamalar belə deməyə əsas verir. Bu açıqlamalardan da bəlli olur ki, tədbir və keçirilən görüşlər, həmçinin ziyarət onlarda xoş təəssürat yaradıb. Onlar Azərbaycandan xoş təəssüratlarla ayrıldılar”.
Gələcək əməkdaşlıqlara dair maraqlı təkliflər səsləndirildi
Fikrinı davam edən T.Nüsrətoğlu, “Ən əsas məqam isə odur ki, bu qonaqlar bundan sonra öz ölkələrində və digər xarici ölkələrdə, beynəxalq platformalarda Azərbaycana dəstək verəcəklərini bəyan etdilər. Bu isə mühüm əhəmiyyət kəsb edən amildir. Həmçinin, gələcək əməkdaşlıqlara dair maraqlı təkliflər səsləndirildi. Belə təkliflərdən biri də Azərbaycanın Türkiyə məzunlarının həmin ölkələrin media təmsilçiləri ilə bir zoom toplantısının keçirilməsi ilə bağlı oldu. Qeyd olundu ki, bu zoom toplantıda da o ölkələrin mediasını maraqlandıran suallara Türkiyə məzunları olan azərbaycanlılar tərəfindən cavab verilsin. Bir sözlə, bu forum yaddaqalan və məhsuldar oldu. Yəni, həm Azərbaycanın daha geniş şəkildə tanıdılması, həm ölkə həqiqətlərinin beynəlxaql birliyə çatdırılması baxımından bu tədbir xüsusi əhəmiyyət kəsb edirdi”.