Press "Enter" to skip to content

3 oktyabr Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

Fizzə Baxışova

Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova: “Spirtli içkilərə aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova alkoqolizm, fəsadları və s. haqda məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, narkoloq öncə 3 oktyabr Ümumdünya Alkoqolizmlə Mübarizə Gününün tarixi haqqında danışıb: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən hər il təqribən 3 milyon insan dünyasını dəyişir. Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb və həll yollarını müəyyən etmək üçün hər il 3 oktyabr tarixi Ümumdünya Alkoqolizmlə Mübarizə Günü kimi qeyd edilir. Bu tarix təsadüfən seçilməyib. 3 oktyabr 1887-ci ildə bütün həyatını alkoqolizmlə mübarizəyə həsr edən görkəmli amerikalı ictimai xadim Con Finç vəfat edib”.

Sonra xəbərdə, “F.Baxışova alkoqolun narkotik vasitə olduğunu deyib. Bildirib ki, alkoqolun insan orqanizmində geri dönməz nəticələrə səbəb olan narkotik maddə olduğu elmi cəhətdən sübut edilib. O eləcə də deyib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 21 fevral 1971-ci ildə alkoqolu Konvensiyanın psixotrop maddələri siyahısından çıxardı, beləliklə, alkoqolun istifadəsi leqallaşıb və həmin tarixdən artıq narkotik maddə adlandırılmır” deyə qeyd olunur.

Alkoqolizmin fəsadları haqqında isə həkim bildirib ki, spirtli içkilərə həddindən artıq aludəçilik 200-dən çox xəstəliklərin yaranmasının başlıca faktorudur: “Spirtli içkilərin tərkibindəki etanolun kanserogen olduğu və orqanizmdə xərçəng riskini artırdığı elmi cəhətdən sübut edilib. Bundan əlavə, alkoqolizm ürək damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir. Alkoqoldan sui-istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxarır. Bundan əlavə, alkoqolizm ilə mədə mukozası əziyyət çəkir və mədənin sekretor, motor və enzimatik funksiyaları pozulur”.

Həmçinin F.Baxışova alkoqolun qaraciyər üçün xüsusilə zərərli olduğunu, spirtli içki qəbul etdikdə hepatitin ağırlaşdığını, qaraciyər sirrozunun daha tez inkişaf etdiyini, pankreatit baş verdiyini, mədəaltı vəzinin zədələnməsi səbəbindən şəkərli diabetin tez-tez inkişaf etdiyini diqqətə çatdırıb.

Mission News Theme by Compete Themes.