Press "Enter" to skip to content

Özbəkistanda “Azərbaycan kinosu günü”

Azərbaycan kinosu

BAYRAQDAR MEDİA – Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı XV Daşkənd Beynəlxalq kinofestivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kinosu gününün açılışı olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə deyilir ki, “Özbəkistan Kinematoqrafiya Agentliyi, Özbəkistan və Azərbaycan Mədəniyyət Nazirliyi, AMM-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Özbəkistan Mədəniyyət Nazirliklərinin rəsmiləri, hər iki ölkənin kinematoqrafları, festivala gələn nümayəndə heyəti, mədəniyyət, kino sahəsi üzrə gənc mütəxəssislər, tələbələr və yerli azərbaycanlılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AMM-nin direktoru Samir Abbasov uzun bir inkişaf dövrü keçmiş Azərbaycan kinosu və onun nailiyyətlərindən danışıb. O, Azərbaycan kinosunun yarandığı gündən azərbaycanlılığa, milli düşüncəyə və ideologiyaya xidmət etdiyini və Azərbaycan filmlərinin daim Özbəkistanda böyük maraqla qarşılandığını söyləyib”.

AMM-nin müşaviri Orxan Fikrətoğlu, ÖKA-nin təmsilçisi, “Kino Muzeyi”nin direktoru Gülnara Mahmudova iki ölkə arasında əlaqələrin dərinləşdirilməsində mədəni sahədə əməkdaşlığın böyük rolu olduğunu bildirib, klassik və müasir filmlər haqqında materialların qorunması istiqamətində görülən işlərdən danışıblar.

Tədbirdə Qənirə Paşayevanın vəfatı ilə bağlı Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən imzalanan nekroloq qeyd olunub və tədbir iştirakçıları millət vəkili ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Açılış mərasimində həmçinin rejissor Elçin Musaoğlunun “Məryəm” filmi nümayiş edilib. Filmin əsas süjet xətti Məryəm adlı qızın uzun illər sonra dünyasını dəyişdiyi bildiyi və ruhi xəstəxanada müalicə alan atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Ata sevgisi, böyüyə hörmət və övlad sədaqəti, bütün çətinliklərə baxmayaraq, sona qədər atasının yanında olan Məryəm onun sağalması üçün sona qədər səylə mübarizə aparır. Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda çıxış edən E.Musaoğlu filmin çəkilişləri, onun əsas məqsədi haqqında danışaraq, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Mission News Theme by Compete Themes.