BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solistləri Aydan Həsənova və Emin Zeynallı Qazaxıstanın Karaqanda şəhərində keçirilən “DosStar” XII Açıq Operetta və Müzikl Festivalının qala konsertində iştirak ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrdan daxil olub.
Xəbərdə deyilir ki, “onlar Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan “Arşın mal alan” (Ü.Hacıbəyli) və “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən və quruluşçu rejissor: S.Qulamov) tamaşalarından parçalar səsləndiriblər. İfaçıların səhnədə yüksək peşəkarlıq nümayişini rəğbətlə qarşılayan tədbir təşkilatçıları həm onlara, həm də Musiqili Teatrın rəhbərliyinə xüsusi təşəkkür bildiriblər”.
Xatırladaq ki, Musiqili Teatrın kollektivi sentyabr ayı ərzində bu festivaldan əlavə, bir sıra müxtəlif beynəlxalq tədbirlərə də qatılıb.
Belarus XXVII “Belaya veja” Beynəlxalq Teatr Festivalına dəvət alan teatrın tanınmış aktyoru, Əməkdar artist Şövqi Hüseynov orada “Utancaq qız” (F.Dostoyevski, quruluşçu rejissor: C.Səlimova) mono-tamaşasını təqdim edib.
Aktyorlar Nicat Əli və Nərmin Əliyeva Qazaxıstanda keçirilən “TeART-Kokşe – 2023” Beynəlxalq Teatr festivalında Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (ГИТИС) təcrübəli müəllimlərinin ustad dərslərində iştirak ediblər.
Eleonora Mustafayeva isə həm Özbəkistanın Müstəqillik Günü münasibətilə Daşkənddəki təntənəli mərasimdə, həm də TÜRKSOY-un 30 illiyi ilə əlaqədar Fərqanə vilayətində təşkil olunan XXIV Türk Dünyası Opera Günlərində Azərbaycanı layiqincə təmsil edib.
Aktyorlar iştirak etdikləri tədbirlərdən xoş təəssüratlarla vətənə qayıdıblar.