Son yeniləmə: 2 Oktyabr 2023 16:33
BAYRAQDAR MEDİA – Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər plana uyğun olaraq davam edir. Görülən işlərin əsas məqsədi kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaqla torpaqların münbitliyini artırmaqdır.
Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, bu işləri Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi həyata keçirir: “Kollektorlar üzərində olan su ötürücü borular isə dəmir-beton borularla əvəzlənir. Hazırda bu işlər Aşağı Şirvan kollektorunda aparılır. Əraziyə cəlb olunan texnikalar və idarənin mütəxəssizləri tərəfindən borular dəyişdirilir. İdarə ötən il olduğu kimi bu il də meliorativ tədbirlərini bir-neçə istiqamətdə aparır. Hazırda balansda olan kollektor-drenaj sistemləri lildən təmizlənir, nasosstansiyalarda təmir-bərpa işləri həyata keçirilir. Aparılan kompleks meliorativ tədbirlər nəticəsində uzun illər əkin üçün istifadəyə yararsız torpaqlar yenidən əkinə qaytarılır. İdarə tərəfindən cari ilin 9 ayı ərzində Kürdəmir rayonu ərazisində kollektor və drenaj şəbəkələrinin lildən təmizlənməsi 580000 m³, 190 km məsafə təşkil edib. Bundan başqa 40 ədəd hidrotexniki qurğular və bir ədəd nasos stansiyası cari təmir edilib”.
Qeyd edilib ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi Respublikanın 6 rayonuna xidmət edir: “İdarənin balansında olan kollektor-drenaj şəbəkəsi vasitəsilə həmin rayonların ərazisində yerləşən meliorasiya olunmuş sahələrə xidmət olunur”.