BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif mövzulu nəşrlər arasında “Əlimərdan bəy Topçubaşov: İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)” kitabı da var.
Kitab Azərbaycanda milli-demokratik hərəkatın görkəmli nümayəndəsi, ilk Azərbaycan diplomatı Ə.B.Topçubaşovun 1918-1919-cu illər Azərbaycanın fövqəladə səfiri və səlahiyyətli naziri qismində İstanbulda Türkiyənin bir sıra ali dövlət xadimləri, həmçinin Amerika, İngiltərə, İtaliya, Hollandiya, Rusiya, İran və digər ölkələrin İstanbuldakı nümayəndələri ilə keçirdiyi diplomatik görüşlərə dair Azərbaycan hökumətinə göndərdiyi sənədlərdən ibarət topludur. Nəşrdə bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin tanınması sahəsində Azərbaycan diplomatiyasının ilk addımlarını əks etdirən bu sənədlər xarici dövlətlərlə beynəlxalq əlaqələrinin nə qədər mürəkkəb şəraitdə və ağır şərtlər daxilində qurulduğunu bariz nümayiş etdirir. Eyni zamanda sənədlər xarici ölkə siyasətçiləri tərəfindən tanınmış siyasi və dövlət xadimi kimi qəbul edilən Ə.B.Topçubaşovun bu görüşlərdə bir diplomat kimi də yüksək peşəkarlığını, Azərbaycanın milli dövlət maraqlarını hər vasitə ilə müdafiə etdiyini göstərir.
Kitaba həmçinin Berlində çıxan “Qurtuluş” jurnalının Əlimərdan bəyin 1934-cü ildə vəfatı münasibətilə onun xatirəsinə həsr olunmuş 2-ci sayının materialları, informasiya-məlumat aparatı və şəkillər daxil edilib.
Qeyd edək ki, kitabın ruscadan tərcümə edəni və nəşri maliyyələşdirəni Ülkər Hüseynova, elmi redaktoru, ön söz və adlar göstəricisinin müəllifi tarix üzrə elmlər doktoru, Prof. Solmaz Rüstəmova-Tohididir.